Çempionlar Liqası: "Ayaks" şokda, "Tottenhem" finalda

Bu gün UEFA Çempionlar Liqasında digər finalçının da adına aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, Amsterdamda keçrilən oyunda İngiltərə "Tottenhem"i "Ayaks"ın qonağı olub.

O “Ayaks” ki, bu mövsümkü parlaq çıxışı ilə əksəriyyəti təəccübləndirməyi bacarıb. Erik Ten Haqın komandası qrup mərhələsinin ardınca qitə nəhənglərini sıradan çıxardı. Əvvəlcə Madrid “Real”ı, ardınca isə “Yuventus” Hollandiya çempionunun qarşısında aciz qaldı. Amsterdamlılar “Tottenhem” səddinin də keçilməz olmadığını isbatlamaq niyyətində idi. Səfərdə özünü qətiyyən qonaq kimi aparmayan “Ayaks” 1-0 hesablı qələbə ilə finala doğru inamlı addım atmışdı. Doğma arenada daha yüksək əzmkarlıq göstərən Ten Haqın komandası, bugünkü qarşılaşmanın favoriti hesab olunurdu. Amsterdamlıların əhvalı da yüksək səviyyədə idi. Bu günlərdə “Villem” üzərində qələbə ilə Hollandiya kubokuna da sahib çıxmaları, onların qələbə əzmini bir qədər də artırmışdı. Heyətə gəlincə, baş məşqçini yalnız Karel Eytinqin zədəli olması qayğılandırırdı.

“Tottenhem”i bu gecə olduqca çətin sınaq gözləyir. Bu mərhələyədək Dortmund “Borussiya”sı və “Mançester Siti” kimi rəqibləri mübarizədən kənarlaşdıran londonlular, “Ayaks” səddində ilişmək təhlükəsi ilə üz-üzəydilər. Maurisio Poçettinonun komandası doğma arenada uduzmaqla işini xeyli çətinə salmışdı. Amma buna baxmayaraq son dəqiqələrdə qələbə qolunu vuran "Tottenhem" finalda "Liverpul"un rəqibi olub.

8 may
Çempionlar Liqası
1/2 finalın cavab oyunu


23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) 2:3
Qollar:
Matteys de Liqt, 5 (1:0), Hakim Ziyeş, 35 (2:0), Lukas, 55 (2:1), 59 (2:2), 90+6 (2:3).
İlk oyun - 1:0