Çempionlar Liqası: "Liverpul"un mətbuat konfransı

Bu gün UEFA Çempionlar Liqasında 2018/2019-cu illər mövsümünə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, qitənin ən böyük klub turnirinin finalında İngiltərə komandaları - “Tottenhem”lə “Liverpul” mübarizə aparacaq.

“Liverpul”un baş məşqçisi Yurgen Klopp ötənilki finalın onlara dərs olduğunu vurğulayıb.

“Ötən il Kiyevdəki finalda “Real”a uduzmuşduq. Orada olanlardan nəticə çıxartdıq. Rəqib komanda qapımıza 3 qəribə qol vurmuşdu. Amma həmin görüşdən sonra çox hazırlaşdıq və yenə finaldayıq. Bu dəfə səhvlərə yol verməməyə çalışacağıq. Çoxları bizi daha güclü hesab etsə də, məncə, finalda favorit olmur. Həlledici görüş üçün çox həyəcanlı və səbirsizəm”.

Qeyd edək ki, “Tottenhem” – “Liverpul” finalı Madridin “Vanda Metropolitano” stadionunda olacaq. Qarşılaşma bu gün saat 23-də başlanacaq.