Çempionlar Liqası: Pley-off mərhələsinin ilk oyunları yekunlaşdı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk görüşlər yekunlaşıb.

Sportline.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” komandası doğma meydanda Norveçin “Rusenborq” futbolçularını qəbul edib. Oyuna Zaqreb kollektivi daha yaxşı başlayıb. “Dinamo” erkən qolla hesabı açıb. 8-ci dəqiqədə Bruno Petkoviç penaltini dəqiq yerinə yetirib. Fasiləyədək fərq artıb. Mislav Orşiç 28-ci dəqiqədə qonaqların qapısına yol tapıb: 2-0. Fasilədən sonra hər iki komanda çox çalışsa da, hesab dəyişməyib. “Dinamo” - “Rusenborq”: 2-0.

Diqqət çəkən görüşlərdən biri də Yunanıstanda olub. “Olimpiakos” Rusiyanın “Krasnodar” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Fasiləyədək Miqel Qerrero topu rəqib qapısından keçirib. Hücumlarını daha da gücləndirən “Olimpiakos” 2-ci hissədə daha 3 qol vurub. 78 və 86-cı dəqiqələrdə Lazar Ranceloviç dubl edib: 3-0. 89-cu dəqiqədə isə Daniel Podense sonuncu qolun müəllifi olub. “Olimpiakos” - “Krasnodar”: 4-0.

İsveçrənin “Yanq boyz” komandası isə Serbiyanın “Srvena Zvezda” futbolçuları ilə görüşüb. Matçda 4 qol vurulsa da, qalib müəyyənləşməyib. İlk hissədə meydan sahiblərindən Rojer Assalenin qoluna qonaqların heyyətindən Miloş Deqenek dəqiq zərbə ilə cavab verib:1-1. 2-ci hissənin ilk dəqiqəsində “Srvena Zvezda” hesabda önə keçib. Mateo Qarsiya fərqlənib: 2-1. 76-cı dəqiqədə hesab bərabərləşib. Qiyom Oaro penaltini dəqiq yerinə yetirib: 2-2. Qalan vaxt ərzində qol vurulmayıb.

Qeyd edək ki, komandaların cavab görüşü avqustun 27-də olacaq.