Çempionlar Liqası: "Tottenhem" üçün ilk

1882-ci ildə təsis edilən “Tottenhem” klubu müxtəlif turnirlərin qalibi olsa da, heç vaxt UEFA Çempionlar Liqasının kubokunu qazana bilməyib.

Sportline.az xəbər verir ki, Maurisio Poçettinonun komandası Madridin “Vanda Metropolitano” stadionunda ilk dəfə qitənin ən mötəbər turnirinin fəxri mükafatını qazana bilər.

İngiltərə çempionatında 2 dəfə qalib olan komanda 8 dəfə öz ölkəsində Federasiya kuboku, 4 dəfə isə Liqa kuboku turnirində bütün klublardan güclü olub. Qitəmiqyaslı turnirlərdə isə cəmi 3 dəfə qalib gəlib. 1 dəfə UEFA Kubok Qalibləri Kuboku, 2 dəfə UEFA kuboku turnirində fəxri mükafatı qazanıb.

Komandanın baş məşqçisi Maurisio Poçettino “Tottenhem”in tarixinə düşə bilər. 2014-cü ildən London klubunu çalışdıran Argentinalı mütəxəssisin özü də UEFA Çempionlar Liqasının finalında ilk dəfədir ki, çıxış edir. Onun komandası pley-of mərhələsində “Borussiya” Dortmund, “Mançester Siti” və “Ayaks” kimi güclü kollektivləri mübarizədən kənarlaşdırıb.

Xatırladaq ki, “Tottenhem” İngiltərə Premyer Liqasının 2018/2019-cu illər mövsümünü 4-cü pillədə bitirərək medalsız qalıb.