Çempionlar Liqası: "Tottenhem"lə "Ayaks"ın mətbuat konfransı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başlanır.

Sportline.az xəbər verir ki, İngiltərənin “Tottenhem” komandası Hollandiyanın “Ayaks” klubunu qəbul edəcək. Xatırladaq ki, komandalar ¼ finalda güclü rəqiblərinə qalib gəlmişdi. “Tottenhem” “Mançester Siti”ni, “Ayaks” isə “Yuventus”u mübarizədən kənarlaşdırmışdı.

“Tottenhem”in yeni arenasında keçiriləcək görüşə maraq böyükdür. Oyun ərəfəsində ənənəvi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Maurisio Poçettino “Ayaks”ın ciddi rəqib olduğunu bildirib.

“Düşünürəm ki, “Ayaks” əla komandadır. Çox sürətli futbolçuları var. Onların oyunlarını təhlil etmişik. Frenki de Yonq mahir oyunçudur. Ondan ehtiyatlı olmaz lazımdır. Müdafiədə səhv buraxmamalıyıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

“Ayaks”ın baş məşqçisi Erik ten Haq İngiltərəyə sərfəli nəticə üçün gəldiyini vurğulayıb.

 “Gözəl oyun olacağına inanıram. Azarkeşlər iki sürətli komandanın mübarizəsini izləyəcəklər. Bizim gənc futbolçularımız bura sadəcə qol vurmağa deyil, İngiltərədən sərfəli nəticə ilə dönmək üçün gəliblər. Bugünkü görüş işin 50 faizi deməkdir. Komandama inanıram”.

Qeyd edək ki, “Tottenhem” – “Ayaks” görüşü Bakı vaxtı ilə saat 23-də başlanacaq.