"Çempionlar Liqasında oynamaq karyeramda əsas nailiyyət olardı" - Canluka Sansone
"Neftçi" futbol klubunun yeni transferi Canluka Sansone İtaliya mətbuatının suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır.
- Uzunmüddətli İtaliya karyerasından sonra xaricdə ilk macəranız 32 yaşınızda başlanır. Sizi "Neftçi"nin təklifini müsbət cavablandırmağa nə vadar etdi?
- Bir müddətdir bu təcrübədən çıxış edərək, məni həqiqətən stimullaşdıran çağırış axtarırdım. İtaliyadan bir sıra təkliflər alsam da, heç biri məni stimullaşdırmırdı. Digər xarici çempionatlardan da klublar axtarırdım. Ama mənə "Neftçi"dən zəng gəldikdə heç bir şübhə yerim qalmadı. Burada olmağıma çox şadam. Komandam turnir cədvəlində birinci yerdədir və bundan yaxşısını arzulaya bilmərəm.
- Azərbaycan çempionatları tarixində ilk italiyalı futbolçusunuz. Bu, Sizin üçün əlavə qürur mənbəyi ola bilər?
- Şübhəsiz ki, həm özüm, həm də klub üçün görünməmiş ssenaridir. İstiqamət məntəqəmi seçməyimə bu amil də təsir etdi. Buna görə də əşyalarımı toplayaraq gəldim. Hər şey asan alındı. İki gün ərzində hər şeyi yoluna qoydum və artıq buradayam.
- Amma komandada italyanca danışan yeganə şəxs deyilsiniz...
- Düzdür, cənab Roberto Bordin də var. O, mənə zəng vuraraq barəmdə informasiya aldığını dedi və klubun təklifini qəbul etməyimə təkan verdi. Əlbəttə, bu, seçimimdə vacib amil rolunu oynadı.
- Korporativ və struktur olaraq, hansı reallıqları üzə çıxardınız?
- İlk baxışdan yenilənməyə çalışan və öyrənilməsini istəyən maraqlı reallıq gördüm. Bəlkə A Seriyasındakı klublar kimi mütəşəkkil deyillər, amma tam ölçüdədirlər. Onlar irəliləməyə başlayırlar. Müasir idman mərkəzləri, demək olar ki, hamısı yeni və özlərinə məxsus olan stadionlara malikdirlər. Bu ölkədə futbol böyük inkişafdadır.
- İtaliya və Azərbaycan futbolu arasında hansı fərqləri görürsünüz?
- "Neftçi"dəki ilk məşqlərdən sonra deməliyəm ki, texniki səviyyə digər liqaların bir çoxundan aşağı deyil. Aydın məsələdir: Taktiki səviyyədə onlar Avropanın bir çox ölkəsindəki çempionatlarla müqayisədə daha az hazırlıqlıdırlar. Amma fikrimcə, "Neftçi" heç də sadəlövh komanda deyil. İlkin təəssüratlarım çox pozitiv oldu.
- "Neftçi" 6 ildir əldən verdiyi çempionluq titulunu əldə etmək istəyilə turnir cədvəlinin zirvəsində yer alıb. Bu, "Qarabağ"ın hegemonluğuna son qoymaq üçün yaxşı mövsüm ola bilər?
- Fevralın 3-də mən zirvədəki komandaların qarşılaşmasını izlədim. "Qarabağ"la oyun bərabər səviyyədə getdi. Rəqib bəzi maraqlı fərdi oyunçuları sayəsində daha texnikalı və driblinqlə oyun keyfiyyətlərini göstərdi. Amma bizim komanda da yaxşı vəziyyətdə idi və dərhal Bordinin əla işini gördük. Yəqin ki, sonadək mübarizə aparacağıq. Buna əminlik üçün bir çox əsas var. Digər tərəfdən, klub prezidentindən oyunçularadək "Neftçi" formasına bağlılıq çox böyükdür. Hamı çoxdandır əldən verdikləri çempionluq titulunu qazanmağın intizarındadır.
- "Neftçi"nin heyətində qızıl medal qazanaraq Çempionlar Liqasında oynamaq hədəf, yoxsa arzudur?
- Bu, sadəcə arzu deyil, hədəfdir. Çempionlar Liqasında oynamaq imkanı məni bura gəlməyə sövq edən daha bir səbəb oldu. Öz səhvim üzündən heç vaxt oynaya bilmədiyim Çempionlar Liqasında iştirak imkanı karyeramdan əsas nailiyyət olardı. 18 yaşımda İtaliyanın regional liqası sayılan Eççelentsada oynamağa başlamışam və 25 yaşımda A Seriyasına gəlmişəm. İndi isə 32 yaşımda hədəfim avrokuboklarda çıxış etməkdir.
- Gələcəkdə yenidən İtaliyaya qayıtmaq istərdiniz?
- Son zamanlar İtaliya futbolu qapılarını mənim üzümə bir qədər bağlayıb. Bizim çempionatlarda oynamaq həmişə xoşdur. Amma bağlı qapını aça da bilərsən. Bunu "Neftçi"dəki yeni macəram da göstərir. İstənilən halda, ümidvaram ki, gələcəkdə də İtaliya futbolunda yerim olacaq. Radarı tərk etmək üçün hələ çox tezdir. Son klubum "Novara"da bir çox səbəbdən ilim pis keçdi. Pis mövsümü karyeramdakı yaxşı yenilik unutdura bilər. Təəssüf ki, futbol belədir: tez-tez yenilənir. Amma gələcəkdə İtaliyaya qayıtmaq istərdim. Amma dərhal yox. Çünki hazırda yeni təcrübədən zövq almaq istəyirəm.
"Report"