Çerevçenko: "Neftçi”yə uğurlar arzulayıram"

“Birinci hissədə üstünlük bizdə idi. Amma bu hesabın dəyişməsinə gətirib çıxarmadı. İmkanlarımızdan istifadə etməliydik, bunu bacarmadıq”.

Sportline.az xəbər verir ki, bu sözlər Tula “Arsenal”ının baş məşqçisi İqor Çerevçenko Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə səfərdə  məğlub olduqları (0:3) oyundan sonra mətbuat konfransında deyib.

- Mərhələ keçə bilməməyiniz avrokuboklardakı debüt təcrübəsizliyindən qaynaqlanır, yoxsa “Neftçi” daha güclü idi?

- “Neftçi” vurduğu qolların sayəsində mərhələ adladı. Düşünmürəm ki, bizim oyunçuların təcrübəsizliyi həlledici oldu. Futbolçularımız milli komandalarda oynayırlar, bu, onlara problem yaratmamalıdır.

- İlk görüşdən sonra “Neftçi”nin sərt futbol oynadığını demişdiniz. Amma bu gün sizin futbolçular kobudluğa daha çox yer verdi...

- Mən bu barədə heç nə deməmişəm. Bu gün də belə bir şey görmədim. İki komanda bir-biri ilə mübarizə aparırdı.

- Hər hansı bir futbolçunun qarşısında belə bir məqsəd var idi ki, meydanda liderlik etsin və sizin belə tapşırığınız olmuşdumu?

- Məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Futbolçuların isə hər biri meydanda lider olmalıdır.

- “Neftçi”nin növbəti mərhələdə şansını necə görürsünüz?

- “Neftçi” təcrübəli komandadır. Təbii ki, şanslarını yüksək qiymətləndirirəm. Baş məşqçiləri vaxtilə “Şerif”də çalışıb və onlar Avropa Liqasının qrup mərhələsində oynayıblar. “Neftçi”yə uğurlar arzulayıram. Bu turnirdə nə qədər irəliləsələr, azarkeşləri üçün daha yaxşı olacaq.