"Çətin qarşılaşma oldu" - Bernar Şalland
“Nəticədən narazı deyiləm. Azərbaycan daha çox topa yiyələnsə də, təhlükəli ola bilmədi. Biz yaxşı müdafiə olunduq. Riçard Almeyda kimi oyunçu olduğu halda, biz rəqib hücumlarının qarşısını aldıq. Öz hücumçularımdan razı qalmadım. Bilirəm ki, bundan yaxşısını edə bilərik”.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu Kosovo milli komandasının baş məşqçisi Bernard Şalland Bakıda Azərbaycanla qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. 67 yaşlı isveçrəli mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Bu oyunun daha çox yoldaşlıq görüşü xarakteri bağışlamasını nə ilə əlaqələndirərdiz?
- Xeyr, mən bu oyunu yoldaşlıq görüşünə bənzətməzdim. Bu, hər iki komandaya hörmətsizlik olardı.
- Son 3 oyunda hücumameylli çıxış edirdiz. İndi isə müdafiə futbolu sərgilədiz. Sanki bir xal dalınca gəlmişdiniz...
- Qısa və sürətli ötürmələrlə oynaya bilərdik. Lakin rəqib də belə oyun üslubuna üstünlük verirdi. Ona görə də bu cür üslubda çıxış etmədik.
- Açıqlamalarınızdan belə görünür ki, bir xalla da razısız...
- Azərbaycan doğrudan da çox güclüdü. Daha çox qol imkanı yaratdılar. Möhtəşəm oyun kimi görünməyə bilər. Amma çətin qarşılaşma oldu.