Daha bir Azərbaycan klubunun fəaliyyəti dayandı

Son iki mövsümdə AFFA-nın keçirdiyi Regionlar Liqası yarışının qalibi olan Sumqayıtın “Uğur” komandası fəaliyyətini dayandırıb.

Sportline.az xəbər verir ki, klub bununla bağlı bəyanat yayıb:

“Ardıcıl iki dəfə Region Liqasının qalibi olan “Uğur” Futbol Klubu birinci divizionda iştirakla bağlı AFFA-ya dəfərlərlə müraciət edib. Təəssüflər olsun ki, bu məsələ ilə bağlı klub rəhbərliyini bu günə qədər federasiya görüşə dəvət etməyib və sadəcə olaraq, şifahi şəkildə üçüncü mövsüm də Region Liqasında oynaması barədə tövsiyə olunub.

Bu qərar və ümümulikdə yaranmış qeyri-müəyyən vəziyyət klub rəhbərliyini qane etmədiyi üçün, eləcə də ardıcıl olaraq doğma Sumqayıt şəhərinə 3 dəfə çempionluq kubokları, sevinclərini gətirən komandamıza şəhər rəhbərliyinin və iş adamlarının bu günə qədər də biganə münasibəti səbəbindən klubun rəhbəri, sponsoru ilə aparılan məsləhətləşmələrdən sonra “Uğur” Futbol Klubu bu il keçiriləcək Region Liqanın yarışında iştirak etməyəcəyi barədə qərar qəbul edib.

“Uğur”un uğurlarında və çempionluqlarında əməyi olan hər kəsə ayrı-ayrılıqda, ümumi komanda heyətlərimizə çəkdiyi əziyyətlərinə, azarkeşlərə etdikləri dəstəyə görə klub rəhbərliyi adında böyük təşəkkürümüzü bildiririk və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik

Bu qərardan sonra komandamızın heyətlərində olan hər bir futbolçu azad agent statusuna malikdir və istənilən zaman öz icazə vərəqəsini ala bilər”.