Dedovdan ilk, "Zirə"dən 18-ci dubl

Aleksandr Dedov "Zirə”nin heyətində ilk dubluna imza atıb.

Sportline.az xəbər verir ki, moldovalı legioner "Sumqayıt”la Topaz Premyer Liqasının XII turunun ev oyununun (3:1) hər hissəsində 1 qol vurub.

Bu, "Qartallar”ın cari mövsümdə ikinci dubludur. Dedova qədər Mirsahib Abbasov bir oyunda 2 qol vurmağa nail olub. O, I turdan təxirə salınan "Qarabağ”la səfər matçında (2:3) fərqlənib. Dedovun dublu "Zirə”nin tarixində 11-i Premyer Liqada olmaqla ümumilikdə 18-ci belə uğurudur.

Qeyd edək ki, "Zirə”də vurduğu qolların sayını 6-ya yüksəldən Aleksandr Dedov klub tarixinin bombardirləri siyahısında 8-ci yerə şərik olan Adil Nağıyev, Nurlan Novruzov, Yovan Krneta və Elnur Abdulova çatıb. Bütün qollarını Premyer Liqada vuran Dedov Vüsal İsgəndərli və Yovan Krneta ilə 4-cü yerə şərikdir.