Devid Hili: "İmkanlarımız bura qədər idi"

"Qarabağ” hər iki oyunda bizdən güclü idi. Bunu hamı gördü. “Qarabağ”ın güclü olduğunu qəbul edir və onların qəəbəyə layiq olduğunu düşünürük. Onlara qrupda uğurlar arzulayıram”.

Sportline.az xəbər verir ki, bu sözləri  “Linfild”in baş məşqçisi Devid Hili Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a cavab görüşündən (1:2) sonra mətbuat konfransında deyib.

- Oyun ərzində hakimlikdən narazı olduğunuz hiss olunurdu. Sizi nə narazı salırdı?

- Bəzən əhvalın pis olanda narazılıq olur. İkinci qolun ofsayd olub-olmadığı mənim üçün qaranlıq qaldı. Hakimin idarəçiliyi məni təəccübləndirdi. 50-50-yə olan epizodlarda ev sahiblərinin xeyrinə qərar verdi.

- Necə fikirləşirsiz, “Linfild” qrupa düşsəydi, futbol ilahəsi özünü asardımı?

- Rəqibin daha yaxşı olduğunu qəbul edirik. Amma göstərdikləri oyuna görə futbolçularımla fəxr edirəm. Qrupda olmaq istərdik. “Qarabağ”a uğurlar arzulayıram.

- Sanki komandanızda oyun bütövlüyü yox idi.

- Belfastdakı oyunu izləmisinizsə, bu sualı verməməlisiniz. “Qarabağ” bizdən fərqli, tam peşəkar komandadır.

- Belfasta qədər uzun yol qət edəcəksiniz. Təyyarədə ən çox kimi və nəyi xatırlayacaqsınız?

- Bakını xatırlayacam. Burda çox gözəl münasibətlə qarşılaşdıq. “Qarabağ”a təşəkkür etmək və uğurlar arzulamaq istəyirəm.

- Hər iki oyunda “Qarabağ” üstün olsa da, çətinliklə qalib gəldi. Rəqiblə başabaş mübarizə aparmağı hansı keyfiyyət sayəsində bacardınız?

- Bilirdik ki, topa çox yiyələnə bilmərik və mübarizə aparmalıyıq. Yarıhəvəskar komandayıq. Bunun fonunda güclü komandaya qarşı çox yaxşı mübarizə apardıq. İmkanlarımız bura qədər idi.

- Sizcə, bu gün ən yaxşı oyunçunuz kim idi?

- Bir nəfəri seçmək çətindir. Komanda hər xətdə mübarizə apardı. Daha çox orta sahədəkilər və qapıçılar seçildi. “Qarabağ”dan isə Zubir və Almeydanın hərəsinə 1 milyon verməyə dəyər.