"Di Marianın oyunu nəticəni dəyişdi" - Tomas Tuxel

"Oyunçular ikinci hissədə daha inamlı oynadılar. Bu da qələbə qazanmağımıza kömək oldu". SportLine.az xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Yunayted"ə qarşı keçirilən görüşdən sonra UEFA-nın saytına deyib. 

Oyunu təhlil edən mütəxəssis, "İlk hissədə yaxşı oynamadıq. Oyunçularda özünəinam yox idi. Fasilədə onlara başa saldım ki, hücum etsələr, qol da vura bilərlər. Xüsusilə, Di Maria hər iki hissədə tamam fərqli çıxış etdi. Onun ikinci hissədəki oyunu nəticəni dəyişdi. İkinci qolda Kiliana möhtəşəm ötürmə verdi", - deyib.

Almaniyalı mütəxəssis komandasının növbəti oyunda da qələbə qazanacağına inanır: "Biz dünyanın ən güclü komandalarından biriyik. İstənilən rəqibi məğlub edə bilərik. Hər hansı futbolçunun heyətdə olub-olmaması məsələni həl etmir. Bütün futbolçularımız məsuliyyəti dərk edir və meydanda bütün bacarığını ortaya qoyur. Cavab oyunu daha çətin keçəcək. Amma komandamın doğma meydanda da qələbə qazanacağına əminəm".

Xatırladaq ki, "Mançester Yunayed" - PSJ matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.