Diqqət mərkəzə! "Neftçi", yoxsa "Qarabağ"?

Sabah Azərbaycan çempionatında 10-cu tur başlanır. Diqqətlər turun mərkəzi görüşünə yönəlib. “Neftçi” “Bakcell Arena”da “Qarabağ”ı qəbul edəcək.

Sportline.az xəbər verir ki, “Neftçi” 17 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubunun futbolçuları 5 qələbə qazanıblar. Onlar qalan oyunların 2-də heç-heç etdiyi halda, 2-də xalsız qalıblar. Roberto Bordinin komandası lider “Qarabağ”la xal fərqini azaltmaq üçün yalnız qələbəni hədəfləyir.

Ağdam təmsilçisi 9 turdan sonra 25 xalla yarış cədvəlinin lideridir. Qurban Qurbanovun komandası bu mövsüm 9 oyunun yalnız 1-də heç-heçə edib, digər matçların hamısında qalib gəlib. Aralarındakı oyunların statistikasına nəzər salsaq “Qarabağ”ın üstünlüyünü görmək olar. Komandalar bunadək 80 dəfə üz-üzə gəliblər. Görüşlərin 28-də “Qarabağ” qələbə qazandığı halda, 23 dəfə “Neftçi” azarkeşləri sevinib. Qalan 29 qarşılaşmada isə qalib müəyyənləşməyib.

Lakin çempionluqların sayında Bakı futbolçuları rəqiblərindən öndədirlər. “Ağ-qaralar” 8 dəfə Azərbaycan çempionatının qalibi olublar. Onlar 4 dəfə gümüş, 6 dəfə də bürünc medalları qazanıblar. “Qarabağ” isə fəxri mükafatı cəmi 7 dəfə əldə edib. 2 dəfə gümüş, 3 dəfə isə bürünc medallar qazanan Ağdam təmsilçiləri 6 dəfə də Azərbaycan kuboku turnirinin qalibi olublar. “Neftçi” də anoloji yarışda eyni nəticə göstərib.

“Qarabağ” son zamanlardakı çıxışı ilə Azərbaycan çempionatları tarixinin rekorduna da imza atıb. Qurban Qurbanovun komandasının bu göstəricisi ötən turun “Səbail”lə görüşündə rəsmiləşib. Minimal hesabla qalib gələn Ağdam klubu ölkə çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyasını 29-a çatdırıb. Cari mövsümün heç bir görüşündə uduzmayan “Qarabağ” ötən çempionatın son 20 matçında da məğlub olmayıb. Ağdam təmsilçisi sonuncu dəfə 2018-ci il oktyabrın 28-də elə “Neftçi” ilə oyundan xalsız ayrılmışdı.

Sabah “Neftçi” – “Qarabağ” matçını İnqilab Məmmədov idarə edəcək. “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 20-də başlanacaq.