Dünya çempionatları tarixinin ən yadda qalan qolları
SportLine.az saytı sabah start götürəcək Dünya çempionatından öncə bu yarışın tarixində ən yadda qalan qollar barədə məlumat təqdim edir.
Dünya çempionatları tarixində ilk qolu 13 iyul 1930-cu ildə Fransa millisinin üzvü Lüsyen Loran vurub. Uruqvayda keçirilən ilk Mundialda Meksika seçməsinin qapısına yol tapan futbolçu tarixə düşüb.
Sonuncu qol isə Braziliyada keçirilən Dünya çempionatının finalında Mario Qötzenin aktivinə yazılıb. Bu, həm də Mundiallar tarixində vurulan 2379-cu qol kimi əlamətdar olub.
Yubiley qollarına gəlincə,
500-cü qol – Bobbi Kollins (Şotlandiya, 1958)
1000-ci qol – Rob Renzenbrink (Hollandiya, 1978)
1500-cü qol – Klaudio Kanicca (Argentina, 1994)
2000-ci qol – Markus Olbak (İsveç, 2006)
Dünya çempionatları tarixində fərqlənən ən gənc futbolçu Pele (17 yaş), ən yaşlı oyunçu isə Rojer Milladır (42 yaş). Pele 1958-ci il Mundialında Braziliya millisinin heyətində Uelsin qapısına yol tapıb. Milla isə Kamerun seçməsinin futbolçusu kimi 1994-cü ildə Rusiyanı məyus edib.
Mundiallar tarixində ilk het-trikə ABŞ seçməsinin hücumçusu Bert Petnoud imza atıb. O, 1930-cu ildə Uruqvayda keçirilən ilk çempionatda Paraqvay millisini 3 dəfə mərkəzə dəvət edib.
Ən sürətli het-trik müəllifi isə 1982-ci ildə 7 dəqiqə ərzində 3 dəfə El-Salvador qapısının torunu silkələyən Macarıstan futbolçusu Lasla Kişdir.
Ən erkən qolun müəllifi Türkiyə millisinin hücumçusu Hakan Şükür olub. O, 2002-ci ildə Mundialın bürünc medalları uğrunda Cənubi Koreya seçməsinə qarşı keçirilən görüşün 9-cu saniyəsində hesabı açıb.
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki də adını Dünya çempionatları tarixinə yazdırıb. O, iki fərqli millidə fərqlənən yeganə oyunçudur. R.Prosineçki 1990-cı ildə Yuqoslaviya forması ilə Birləşmiş Ərəb Əmirliklərinin, 1998-ci ildə isə Xorvatiya seçməsinin heyətində Yamaykanın qapısına yol tapıb.
1938-ci ildəki çempionatda Almaniya ilə görüşdə topu öz qapısına göndərən Ernst Lötçer (İsveçrə) Mundiallar tarixində ilk avtoqol müəllifi kimi yadda qalıb.
Penalti zərbəsi ilə ilk qolu isə meksikalı futbolçu Manuel Rosas 1930-cu ildə Argentinanın qapısına vurub.