"Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik"
"Çox yaxşı oyun alındı. Futbolçularım kifayət qədər yaxşı oynadılar. Üçüncü qolu da vura bilərdik. Lakin sona yaxın hiss etdik ki, rəqibin təzyiqi var. Buna baxmayaraq, yaxşı oynadıq”.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin evdə "Qəbələ"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Müdafiə xəttindəki boşluqları aradan qaldırmaq üçün hansı tədbirlər görəcəksiniz?
- Rəqib oyunun sonuna yaxın 3 hücumçu ilə, biz isə 5 müdafiəçi ilə oynamağa başladıq. Rəqib bizə təzyiq göstərirsə, bu, o demək deyil ki, yeni futbolçu almalıyıq.
- "Qarabağ”la üçüncü turdakı oyununuz təxirə salına bilər. Bu, komandaya təsir etməyəcək?
- Biz "Qəbələ” ilə oyunda qazandığımız qələbəni qeyd etməliyik. "Qarabağ”la oyunun taleyinə isə yaxın günlərdə aydınlıq gələcək. Matç təxirə salınsa, yoxlama oyunu keçirmək barədə düşünəcəyik.
- "Qarabağ” Avropa Liqasında keçmiş komandanız "Şerif”lə qarşılaşacaq. Bu haqda nə deyə bilərsiniz?
- "Qarabağ” və "Şerif” yaxşı komandadır. İnanıram ki, yaxşı, maraqlı oyun olacaq. Amma matç barədə hansısa proqnoz verə bilmərəm.
- "Qarabağ” – "Şerif” matçında hansı komandanın qalib gəlməsini istəyərdiniz?
- Hazırda mən "Neftçi”yə azarkeşlik edirəm. Düzdür, "Şerif”də işləmişəm və uğurlar qazanmışam. Həmişə o komandanın uğur əldə etməsini istəyəcəyəm.
- Beyninizdəki "Neftçi”ni qura bilmisiniz?
- Bugünkü oyundan razıyam, sona qədər mübarizə apardıq. Kollektivimizi daha da təkmilləşdirməyə, komandamızın daha çox hücumlar qurmasına çalışacağıq. Düşündüyüm "Neftçi”ni görməsəm də, ona doğru irəliləyiş hiss edirik.