"Ədalətli nəticə elə heç-heçə idi" - Sənan Qurbanov
“Evdə oynayırdıq, qalib gəlmək istəyirdik. Çünki əvvəlki görüşdə uduzmuşduq. Matça hazırlaşmışdıq, futbolçulara tapşırıqlarımızı vermişdik. Qalib gələ bilmədiyimizə təəssüflənirik. Birinci hissədən tam narazıyam. İkinci yarıda komanda nisbətən hərəkətli idi. İmkanlarımız da oldu. Həm qələbə qazana, həm də uduza bilərdik. Açığı, belə futbol bizə lazım deyil. Düzdür, bəzi epizodları qeyd edə bilərik, amma bütövlükdə oyundan narazıyam".
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis digər sualları da cavablandırıb...
- Bəzi futbolçular imkanlarından aşağı səviyyədə çıxış edirdilər. Yaxşı mənada hansı oyunçunu fərqləndirərdiniz?
- Doğru vurğulayırsınız. Ötən tur "Qarabağ"la oyunumuzdan sonra yəqin ki, kənardan təriflər eşitmişdilər. Biz isə aşılamağa çalışırdıq ki, məqsədə çatmaq istəyirsənsə, bu oyunu unutmalısan. Hərçənd, "Qarabağ"la qarşılaşmada da məqsədimizə çatmamışdıq. Amma oyun olaraq, bizə lazım olan materiallar var idi. Artıq bu oyuna hazırlaşmalı idik. Hədəflərə çatmaq üçün ilk növbədə özünəinam, sonra isə bunları meydanda təsdiqləmək lazımdır. Ötən tur nəticədən yox, oyundan razı qalmışdıqsa, bu gün bütövlükdə narazıyam. Daha istəkli komanda gözləyirdim. Açığı, mənim üçün sürpriz oldu.
- Düşünmürsünüz ki, sizi izləyən "Sabah"ın "Qarabağ"la oyunda xal itirmə ehtimalı komandanızın bu oyuna köklənməsinə mane oldu?
- Elədir. Həftənin əvvəlində iclasımız oldu. Bildirdik ki, "Qarabağ"la oyunu unuduruq. Matçı təhlil edərək, səhvlərimizi və yaxşı tərəflərimizi göstərdikdən sonra həmin görüşü unutmalı idik. Konsentrasiya itkisi və boşalmalara yol verəcəyimizdən qorxurdum. Bir həftə ərzində bunun üzərində işlədik. İşləməsəydik, bundan da pis olacaqdı.
- Top dalınca qaçmayan, mübarizəyə qoşulmayan futbolçularınız daha çox idi. Klubunuzda maliyyə problemlərinizin olub-olmadığıı bilmirik. Amma iddialı klublarda belə oyunçular cəzalanırlar. Bəs siz hansı tədbiri görmək istəyirsiniz?
- Bu, növbəti oyunumuz idi. Əlbəttə, bizə lazım olan görüş olmadı. Amma cəzalandıracağıq deməzdim. Sadəcə, oyun bitəndən sonra futbolçulara dedik ki, bu, sizin üçün bir dərs olsun.
- Bir xal sizin üçün qazanc, yoxsa xal itkisi oldu?
- "Keşlə" də uda bilərdi, biz də. Hər ikimizin qol vəziyyətimiz oldu. Yəni, ədalətli nəticə elə heç-heçə idi.
- Qolunuzun sayılmadığı epizodla bağlı nə deyə bilərsiniz?
- Eşitdiyimə görə, yeni qaydalara əsasən, Rauf Əliyev aktiv ofsaydda olduğu qol sayılmayıb. Yenə də videotəkrara baxaraq qərar verəcəyik.