"Elə oyunlarda həddən artıq səbirli olmaq lazımdır" - Qurban Qurbanov

"Ağır oyun oldu. Rəqib çox yaxşı müdafiə olundu. Avropa Liqası və Millətlər Liqasından sonra bizə bir qədər çətin idi". 

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov evdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

- Kamran Ağayevlə bağlı real durum necə idi?

- İstəməzdim ki, futbolçular haqda belə fikirlər səslənsin. Hər bir futbolçuda zədə ola bilər. Ola bilsin, onda da mikrozədə var idi. Onun oynamamasından narahat deyiləm. Sizi narahat edən milliyə getməməsidir. Hər şey futbolçunun üzərində qalır. İstəməzdim ki, üzərlərinə çox gedilsin. 

- Milli komandanın futbolçularının ehtiyatda saxlanılması "Sportinq"lə keçirəcəyiniz növbəti oyuna necə təsir edə bilər?

- Belə düşünmürəm. Mili komandanın oyunçuları 60-dək matçda çıxış edirlər. Bu, az say deyil. Onların istirahətə ehtiyacları var. Düşünürəm ki, "Sportinq"lə görüşədək onlar formada olacaqlar. 

- Dekabrın 2-də Avropa çempionatının püşkatmasında iştirak edəcəksiniz?

- Bu barədə məlumat verəcəyik. 

- Elxan Məmmədovun bu gün gəlişi və sizinlə söhbət etməsi gözlənilməz olmadı? Sirr deyilsə, nədən söhbət etdiniz?

- O, çempionatın oyunlarında iştirak edir. Burada qeyri-adi bir şey yoxdur. 

- Tərlan Əhmədov millinin Kamran Ağayevdən ibarət olmadığını və "peraşki" dövründə daha yaxşı çıxış etdiyini bildirib...  

- Neçə illərdir futboldayam. Həmişə çalışmışam ki, öz işim barədə düşünüm və komandamın nəticələrini yaxşılaşdırım. Sizə inanıram, amma açıqlamanı oxuduqdan sonra bu barədə fikir bildirərəm. Belə hallarda fikir səsləndirənlər daha çox olur. 3-4 il əvvəl futbola birdən-birə zərbə gəldi. İnflyasiya getdi, komandalar səviyyəcə gerilədilər. Amma biz nəticələri davam etdirməyə çalışdıq. Hər birinizlə normal münasibətim var. Hər kəs öz işini daha çox yaxşılaşdırsa, bu, ümumi futbolumuz üçün faydalı ola bilər. Mən heç kimin işini müzakirə etməmişəm, əksinə, onları tərifləmişəm, hamısının arxasında durmuşam. Məsləhət vermək ən asandır. Heç kim haqda pis fikirdə olmamalıyıq. Vəzifəm Vətənimə xidmət etməkdir. Futbolda kimlər uduzmur ki? Hansı komandada eniş olmur ki?

- "Sabah"ın qolundan sonra Rəşad Sadıqovla Elçin Rəhmanov hakimə etiraz etdilər. Sonradan da belə hallar oldu. Amma siz sakit idiniz...

- Bu oyun hakimlər və futbolçular baxımından gərgin idilər. Belə oyunlarda həddən artıq səbirli olmaq lazımdır. Oyundan sonra fikirlərimi paltardəyişmə otağında bildirdim. Hər hansı çılğınlıq göstərməyim düz olmaz. Hakimlik barədə həmişə neytral olmuşam. Amma bəzi epizodlarda hakimin üzərinə daha çox iş düşür ki, oyunun tempi düşməsin. 

- Millinin oyunlarından daha çox narahat olanlar azarkeşlərdir. Onlara deyəcəkləriniz var?

- Azarkeşlər nə qədər narahatdılarsa, onlardan o qədər razıyam. Çünki onlar futbolumuzun inkişafını istəyirlər. Biz bu çətinliklərdən birgə çıxmalıyıq. Öz işimizi layiqincə görməliyik. İş saatımız heç də az deyil. Bir şeyə arxayın ola bilərlər ki, nəticələrimizin yaxşılaşması üçün əlimizdən gələni edirik. 

- Millinin baş məşqçisi olaraq, azarkeşlərin etimadını doğrulda bilirsiniz?

- Mən çox vaxt ayırıram ki, nəticələrimiz olsun. Heç kim bundan narahat olmasın. 

- Son məsələlərlə əlaqədar özünüzə qarşı təzyiq hiss etmirsiniz?

- Məşqçilikdə təzyiqlər həmişə olur və bunlara düzgün reaksiya verməlisən. Məni daha çox futbolçulara təzyiq narahat edir. Meydana çıxıb tapşırıqlarımızı yerinə yetirənlər onlardır. İstərdim ki, onlar özlərini meydanda sərbəst idarə edə və tapşırıqları yerinə yetirə bilsinlər. Hətta ən kiçik məğlubiyyətdən sonra bu, çətin olsa da, çalışıram ki, futbolçulara təsirlər olmasın.