FİFA referilərimiz üçün növbəti təyinatlar

Azərbaycanın FIFA referiləri beynəlxalq yarışlara təyinat alıblar.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında təşkil ediləcək turnirdə iş başında olacaq.

Mayın 31-dən iyunun 16-dək davam edəcək yarışda Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Turnirə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları qatılacaq.

Çimərlik futbolu üzrə FİFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Qaliblər Kuboku (EURO Winners Challenge 2019) turnirinə təyinat alıb.