Elvin Məmmədov 50-ni haqladı

Azərbaycan Premyer Liqasının IX turu “Zirə”nin futbolçusu Elvin Məmmədov üçün əlamətdar olub.

Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Sabah”la səfər matçına kapitan kimi çıxan yarımmüdafiəçi “Qartallar”ın heyətində yubiley – 50-ci oyununu keçirib. O, bu müddətdə 5 qola imza atıb.

Elvin Premyer Liqada 47, Azərbaycan kubokunda 3 dəfə “Zirə” forması ilə meydana çıxıb. 2016-cı il yanvarın 31-də çempionatın “Keşlə” ilə ev oyununda (2:1) debüt edən Məmmədov 2015/16 mövsümündə 15 görüşdə (2 qol) iştirak edib. Yarımmüdafiəçi 2016/17 mövsümündə 24 çempionat (3 qol) və 3 kubok görüşündə şans qazanıb. 2 illik fasilədən sonra bu yay “Zirə”yə qayıdan futbolçu cari mövsüm Premyer Liqada 8 dəfə meydana çıxıb.

Qeyd edək ki, Elvin komandanın heyətində 50 və daha çox oyun keçirən 14-cü futbolçu olub.