Emin Mahmudov: "Açığı bunu gözləmirdim"

“Futbol ailəsindən bu qədər səs almaq xoşdur. Açığı, bunu gözləmirdim. Mənə səs verən hər kəsə təşəkkür edirəm”.

Sportline.az xəbər verir ki, bunu “Report”a Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov deyib.

İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilən futbolçular, həmçinin Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, eləcə də elita komandalarına rəhbərlik edən 8 mütəxəssis arasına keçirdiyi səsvermənin qalibi olan Mahmudov məmnunluğunu ifadə edib: “Bu ada layiq görüldüyüm üçün komandama da minnətdarlığımı bildirərəm. Rəhbərliyə, Baş məşqçimizə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onların dəstəyi sayəsində mən də müsbət keyfiyyətlərimi aşılamağa çalışıram. Bu qədər adamın mənə səs verəcəyi ağlıma gəlməzdi. Mövsümün ən yaxşı oyunçusu seçilməyim mənim üçün gözlənilməz oldu”.

Səsvermədə “Sabah”ın futbolçusu Rəşad Eyubovu fərqləndirən Mahmudov başqa oyunçuların da ən yaxşı seçilməyə layiq olduqlarını söyləyib: “Səlahət Ağayev çox yaxşı mövsüm keçirdi. “Qarabağ”dan Abdullah Zubirlə Dani Kintananı qeyd edərdim. Həmçinin qışda “Sabah”a keçən Rəşad Eyubov çox yaxşı təsir bağışladı. Bəyəndiyim futbolçular çox oldu. Siyahını uzatmaq da olar. Məsələn, Mahir Mədətovunda adını çəkə bilərəm. Bir futbolçu seçəsi olsam, öz komandamızdan Səlahəti fərqləndirərdim. Sorğuda ancaq rəqib futbolçulara səs verə bilərdik. Ona görə də seçimim Eyubov oldu”.

Qeyd edək ki, “Neftçi”nin kapitanı sorğuda 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.