Emin Mahmudov Rusiya mətbuatında
"Neftçi"nin kapitanı Emin Mahmudov son 10 ildə Rusiyanın "Spartak" (Moskva) komandasının istedadı açılmayan futbolçuları siyahısında yer alıb.
Sportline.az xəbər verir ki, siyahını nüfuzlu Sports.ru saytı tərtib edib. Bildirilir ki, Mahmudov Rusiya Premyer Liqasında "Saturn"un heyətində 21 oyunluq təcrübəyə malik olsa da, "Spartak"a erkən transferi onun karyerasının qarşısını tez alıb: "Emin ortabab komandalarda çıxışlarını davam etdirsəydi, 2-3 ildən sonra "qırmızı-ağlar"a uzun müddətə qoşula bilərdi. Amma sonuncda o, ehtiyat oyunçular skamyasını tərlətməklə, əsəbiləşməklə icarələrə yollanmalı oldu".
Mahmudov 2014-cü ildə "Spartak"dan "Krılya Sovetov"a transfer olub. Daha sonra o, "Mordoviya"ya icarəyə verilib. Ardından Portuqaliya "Boavişta"sı ilə müqavilə bağlayan azərbaycanlı yarımmüdafiəçi orada da möhkəmlənə bilməyib və "Neftçi"yə yollanıb.
Hazırda Mahmudov flaqmanın sabit oyunçusu, 2016-cı ildən Azərbaycan millisinin üzvüdür. Nəşr onun "5-lik"dəki digər oyunçularla müqayisədə işlərinin daha yaxşı getdiyini yazıb: "Bundan pis nümunələr var. Amma hər halda əvvəlki gözləntilərlə müqayisədə 2 addım geriyə atıb".
Siyahıdakı digər oyunçular isə Aleksandr Kozlov, Dmitri Kayumov, Pavel Yakovlev və Denis Davıdovdur.
Qeyd edək ki, Emin Mahmudov İdman Araşdırmalar Mərkəzinin apardığı sorğu nəticəsində 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.