Emin Mahmudovdan sərt açıqlama: "Sübut et, mən də qəbul edim"

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində evdə Xorvatiya ilə heç-heçə etməsi (1:1) barədə sosial şəbəkələrdə nəticəni şübhə altına salan bəzi fikirlər səsləndirilir.

Sportline.az xəbər verir ki, millinin üzvü Emin Mahmudov yayılan söz-söhbətlərə elə "Facebook" səhifəsində münasibət bildirib:

"Üç ildir Azərbaycandayam və həmişə eşidirəm ki, ya oyunu alıblar, ya da satıblar. Özümüzü əsl alverçi millət kimi aparırıq. Amma kimdən soruşasan ki, sübut elə, mən də qəbul edim! Suala heç kim cavab vermir. Deyəcəklər ki, hansısa çayxanada eşitmişəm. Uşaqların əziyyətini yerə vurmaq lazım deyil. Özümdən danışmıram. Dünən mən heç nə etməmişəm. Amma uşaqlar çox əziyyət çəkdilər".