Emin və Mirabdulla üçün əlamətdar tur

Topaz Premyer Liqasının 22-ci turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov “ağ-qaralar”ın heyətində 50-ci çempionat oyununu keçirib. O, bu matçlarda 11 qol vurub.

“Keşlə” ilə qarşılaşmada yeganə qolun müəllifi Emin Mahmudov isə “Neftçi”də ümumilikdə 10-cu dəfə fərqlənib. Azərbaycan kuboku və UEFA Avropa Liqasında bir qolu olan yarımmüdafiəçi Premyer Liqadakı hesabını 8 topa çatdırıb. 

O, 2017/18 mövsümündə Premyer Liqa və Azərbaycan kuboku yarışlarının hərəsində bir qol vurduğu halda, cari mövsüm bir dəfə UEFA Avropa Liqasında, yeddi dəfə çempionatda fərqlənib. Eminin “Neftçi”dəki ilk qolu 2017-ci il noyabrın 19-na təsadüf edib. Yarımmüdafiəçi “Qəbələ” ilə Premyer Liqanın ev görüşündə (2:3) qol sevinci yaşayıb.