"Əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır" - Elşad Əhmədov
"Təlim-məşq toplanışına yanvarın 2-dən başladıq. İlk 10 gün fiziki hazırlıq üzərində çalışdıq. Sonrakı günlərdə isə taktiki-texniki hazırlığa üstünlük verdik. Bu müddətdə 4 yoxlama görüşü keçirdik ki, bunların da 2-də qalib gəlib, 2-dən heç-heçə ilə ayrıldıq. Çox şükür, oyunları zədəsiz başa vurduq".
SportLine.az-ın məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının yekunları barədə klubun mətbuat xidmətinə müsahibəsində deyib. 49 yaşlı mütəxəssis digər sualları da cavablandırıb...
- Antalyadakı təlim-məşq toplanışından razı qaldınız?
- Bəli, təlim-məşq toplanışından razı qaldım. Futbolçular bu hazırlıqda canla-başla çalışdılar. Yalnız hava ilə bağlı bir az çətinliyimiz oldu. Güclü yağış səbəbindən bir neçə məşqi fitnes zalında keçməli olduq.
- Yoxlama oyunları barədə nə deyə bilərsiz?
- Maraqlı oyunlar oldu. Xüsusilə, 3:1 hesabı ilə qalib gəldiyimiz Macarıstan MTK-sı və 2:2 hesablı heç-heçə etdiyimiz Qazaxıstan “Tobol”unun səviyyəsi daha güclü idi. Həmin qarşılaşmalar komandamın real gücünü görmək baxımından daha əlverişli oldu. Ümumi götürəndə, oyunlarımızdan razı qaldım. Sonuncu, 4:4 hesablı heç-heçə etdiyimiz İsveçrə "Syon"unun U-21 komandası ilə qarşılaşma da məni razı saldı. Qollar buraxsaq da, komandamın 4 qol vurması sevindiricidir. Ümumilikdə, 4 oyuna 10 qol vurduq. Hücum xəttində irəliləyişin olması müsbət məqamdır. Çatışmayan cəhətlərimiz də var. Fasilənin bitməsinə 10 gün qalıb. Bu müddətdə çatışmayan cəhətlərimiz üzərində çalışacağıq.
- Ən razı qaldığınız oyun hansı oldu?
- MTK ilə oyun məni daha çox razı saldı. Fikrimcə, bu qarşılaşma daha maraqlı alındı. Bundan başqa, “Tobol”la görüşün ilk 60 dəqiqəsində sərgilədiyimiz oyundan da razı qaldım.
- “Sabah” tərəfdarlarına mövsümün ikinci yarısında nə vəd edirsiz?
- Əsas məqsədimiz gəncləri komandamıza qazandırmaqdır. Ancaq əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində də daha yüksək pillələrdə yer alaq.