"Əsas odur ki, qələbə qazandıq" - Roberto Bordin
"Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq. Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. Çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin”.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roberto Bordin evdə "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- "Neftçi”nin bu mövsüm azarkeşləri bu qədər sevindirən qələbəsi olub. Bu, avrokubok görüşündə olmuşdu. Həmin görüşdən sonra komanda eyforiyaya qapılmışdı. Yenidən eyni halın təkrarlanmaması üçün komanda dərs alıbmı?
- "Uypeşt”lə görüşü unutmuşuq, iki ay əvvəlki matça dönməyimiz absurd olar. Avrokubokda iki görüş olmuşdu. Çempionatda isə tam fərqli mübarizədi. Futbolda hər cür nəticə olur. Əsas odu ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundu, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odu ki, bu yolda davam edək.
- 3 mərkəz müdafiəçisi ilə oynamağınız rəqiblə əlaqədar idi, yoxsa yeni sistemdir?
- Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq.
- Nəhayət ki, Qurban Qurbanov üzərində qələbə qazandınız. Bu qalibiyyətin şəxsən sizin üçün nə dərəcədə önəmi var?
- Bu, təkcə mənim yox, komandanın qələbəsidir. Əsas odu ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. "Qarabağ”la çox qarşılaşmışıq. Avrokubokda da onlara rəqib olmuşam. Əsas odur ki, qələbə qazandıq.