Federasiyada qalmaqal: Məşqçi komandadan uzaqlaşdırıldı

Monteneqro Futbol Federasiyası yığma komandanın baş məşqçisi Lyubişa Tumbakoviçi istefaya göndərib.

Sportline.az xəbər verir ki, buna səbəb 66 yaşlı mütəxəssisin millinin AÇ-2020-nin seçmə mərhələsində Kosovo ilə ev oyununda texniki zonada əyləşməməsidir.

Serbiyalı çalışdırıcı siyasi səbəblərə görə belə addım atıb. Serbiya mətbuatının təzyiqi nəticəsində Tumbakoviç Kosovo ilə oyuna çıxmayıb.

Monteneqro Futbol Federasiyası baş məşqçinin qərarını "Xoş olmayan sürpriz" adlandırıb. O, peşəkar addım atmamaqda günahlandırılıb.

Serbiya əsilli Filip Stoykoviçlə Mirko İvaniç də yığmadan kənarlaşdırılıblar. Federasiya onların təzyiqə məruz qaldığı üçün oynamadıqlarını bəyan edib.

Serbiya Kosovonun müstəqilliyini tanımır. Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq, müstəqilliyini elan edib. Əhalisinin 90 faizini albanlar təşkil edir.

ABŞ və Avropa Birliyinə daxil olan ölkələr Kosovonun müstəqilliyini tanıyır. Serbiya ilə yanaşı, Çin, Rusiya, Azərbaycan və AB üzvü olan beş ölkə Kosovonun müstəqilliyini tanımır.

Kosovo üç il öncə FIFA və UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirak etmək hüququ əldə edib.

Serbiya və Kosovo seçmə mərhələ oyunlarında eyni qrupda mübarizə aparmır.

Monteneqro - Kosovo oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.