"Fənərbağça" - "Sivasspor" matçı baxımlı qollara səhnə oldu
Türkiyə Super Liqasının 30-cu turunda "Sivasspor"un qonağı olan "Fənərbağça" səfərdən inamlı qələbə ilə dönüb. Baxmayaraq ki, oyun istanbullular çün elə də asan alınmayıb. Joze Mourinyonun komandası rəqibin müqavimətini yalnız fasilə ərəfəsində qıra bilib. 42-ci dəqiqədə Anderson Talişka cərimə zərbəsini mükəmməl yerinə yetirib. Meydan sahibləri özlərinə gəlməmiş ikinci topu qapılarında görüblər. Duşan Tadiç fürsəti qaçırmayıb. 57-ci dəqiqədə yerli azarkeşlər də qol sevinci yaşayıblar. Əfqan Bəkiroğlu baxımlı qola imza atıb. Amma "Sivasspor"un gücü bundan artığına çatmayıb. Əvəzində qonaqlar daha bir qolla məsələyə tam aydınlıq gətiriblər. Duşan Tadiç görüşdə son nöqtəni qoyub. 3-1. "Fənərbağça" 71 xalla ikinci , "Sivasspor" 31 xalla 16-cı yerdə qərarlaşıb.