Fransa klubu transferdən imtina etdi

Fransanın "Monpelye" klubu Zaqreb "Dinamo"sunun qapıçısı Dominik Livakoviçin transferində razılığa gəlsə də, keçid reallaşmayıb.

Sportline.az xəbər verir ki, buna səbəb 24 yaşlı qapıçının tibbi müayinədən keçmək üçün Fransaya yollanmaması səbəb olub. Xorvatiya millisinin üzvü "Dinamo"nun Çempionlar Liqasında "Saburtalo" (Gürcüstan) ilə oyunlarında qapısını qoruyub. "Monpelye" qapıçının razılaşdırılmış vaxtda gəlmədiyi üçün transferdən imtina etmək qərarına gəlib.

Klub prezidenti Loran Nikollin "Yahoo Sports France"a açıqlamasında qapıçıdan imtina etdiklərini deyib:

"Dominik Livakoviçi avqustun 25-nə qədər gözləyəsi deyilik. "Dinamo" ilə bütün şərtlərdə anlaşmışdıq. Lakin futbolçu tibbi müayinədən keçməyə gəlmədi. Biz onu çox gözləyə bilmərik. Artıq başqa qapıçı ilə maraqlanırıq. Digər variantlarımız da var. Daha əvvəlcə gələn "Monpelye" formasını geyinəcək".

Monpelye Livakoviçin keçidi üçün zaqreblilərə 9,75 milyon avro ödəyəcəkdi. Bu keçid reallaşsaydı, Fransa təmsilçisinin tarixində ən bahalı transfer olacaqdı.