Futbol federasiyasında qalmaqal: prezident istefa verdi

Almaniya Futbol Federasiyasında qalmaqal baş verib.

Sportline.az xəbər verir ki, federasiya prezidenti Reynhard Qrindel vəzifəsindən ayrılıb. Buna səbəb isə bir müddət əvvəl Ukrayna Futbol Federasiyasının prezidenti Qriqori Surkisin ona ad günü münasibətilə hədiyyə etdiyi 78 min avroluq saatı qəbul etməsi olub.

Qaydalara görə, o, bu barədə yerli federasiyanı məlumatlandırmalı və ya həmin saatı qəbul etməməli idi. Lakin bahalı hədiyyə aldığını gizlədən və bu səbəbdən yerli media tərəfindən ciddi tənqid və təzyiqlərə məruz qalan federasiya prezidenti istefa verməyə məcbur olub.

Xatırladaq ki, Qrindel 2016-cı ildən bu vəzifədə idi.