"Futboldan ötrü darıxmasam, elə bu gün karyeramı bitirərəm" - Kamran Ağayev
Azərbaycan milli komandasının və "Keşlə" klubunun qapıçısı Kamran Ağayev "Report"un suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır.
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı necə keçdi?
- Toplanış yaxşı keçdi. Zədələrimiz olmadı. Bir az hava şəraiti bizə imkan vermirdi. Bu da normaldır. Belə problem tək bizdə yox, bütün komandalarda oldu. Amma bu o demək deyil ki, işimizi görə bilmədik. Təbii ki, problemlər hər yerdə olur. Heç kim sığortalı deyil.
- Şəxsi işlərinizə görə son yoxlama oyununda iştirak edə bilmədiyinizə dair açıqlama verildi. İndi hər şey qaydasındadır?
- 4 yoxlama oyunu keçirdik, 3-də meydanda oldum. Birində isə şəxsi məsələlərə görə oynaya bilmədim. Daha dəqiqi, bir sənəd imzalamalı idim. Bu, toplanışdan öncə də bilinirdi və baş məşqçimizin icazəsi də var idi. Hamı bilirdi ki, şəxsi məsələlərə görə belə alındı. Amma indi hər şey yaxşıdır. Komanda ilə birgəyəm, hər şey qaydasındadır. Davam edirik və əhval-ruhiyyəmizi yaxşı saxlamaqdan ötrü qələbələrimizin sayını artırmalıyıq.
- Amma əksəriyyət elə düşündü ki, evlənməyə hazırlaşırsınız...
- Bu, elə bir şeydir ki, barəsində danışmağı xoşlamıram. Evlənməyə dair çox sual verirlər. Hər şey qismətdən asılıdır, məcburən etmək olmaz. Bu da zamanla bilinəcək.
- Qələbələr qazanaraq əhval-ruhiyyəni yaxşılaşdırmaq istədiyinizi vurğuladınız. Son pillələrdə qərarlaşan komanda qələbələri necə sıralaya bilər?
- İdman elə şeydir ki, nəyisə əldə etmək istəyirsənsə, gərək əziyyətini çəkəsən. Ümumiyyətlə, idmanda ad yox, sadəcə əziyyət və iş rol oynayır.
- Artıq sizdə hər hansı zədə problemi yoxdur?
- Zədə ilə bağlı problem yoxdur. Var idi, onun da müalicəsini həkimimizlə birgə etdik, qaydasına qoyduq. Zədəli ola-ola idmanla məşğul olsaydım, əzələm cırılardı. Hematom yığılmışdı, həkimimizin köməyi ilə müalicə etdik. Artıq hər şey qaydasındadır.
- Zədənizi səbəb göstərərək, Kosovoya yollanmadınız. Bəs vacib oyunda komanda ilə birgə ola bilməzdiniz?
- Bu məsələyə toxunmaq istəmirəm. Çünki aartıq mənim şəxsi işimdir. Niyə belə oldu deyə açıqlama vermək niyyətində deyiləm. Bunun üstündən çox vaxt keçib. Keçmişdə olanlardan yox, gələcək həyatdan danışmaq istəyirəm. Çünki belə şeyləri çox yaşamışam. Mən danışmaqla kiminsə işi gedəcəksə, mənim özümə ziyan gələcək. Ona görə də danışmasam, daha yaxşı olar. İndiyədək ünsiyyətdə olduğum adam bu gün məni pisləyir. Kimlər üçünsə danışmışamsa və hansı şəxslərin işi gedibsə, həmin adamlar məni pisləyiblər. Yəqin ki, nə demək istədiyimi başa düşürsünüz.
- Niyə telefonla ünsiyyətdən qaçırsınız?
- Jurnalist marağı başqa şeydir, qərəzli yazmaq tam başqa. Mən xoşlamıram ki, kimsə məni telefonla yığsın. Oyundan sonra mənə nə vaxt sual verilibsə, açıqlamanı vermişəm. Şəxsi telefonuma zəng vuran adama cavab vermirəm. Çünki bu telefon mənə aiddir. Mənə zəng edəndə narahat edirlər. Mən də aqressiv danışıram. Aqressiv deməzdim, əslində səmimi danışmıram. Tanımadığım adam kimi cavab verirəm. O da onlara xoş gəlmir və qərəzli yazı yazırlar. Yenə əvvəlki suala toxunaraq deyim ki, Kosovo məsələsində mənə lazım olan baş məşqçi Qurban Qurbanovun və futbol ictimaiyyətinin fikri idi. Məndə zədə olub, ona görə də oynaya bilməmişəm. Gedib-getməməyim isə Qurban müəllimlə mənim aramda olan söhbətdir. Onun məndən inciməyə haqqı da var. Uzun danışmaq istəmirəm.
- Qurban Qurbanova Kosovoya gedə bilməməyinizin səbəbini demişdiniz?
- Bu barədə danışmaq istəmirəm. Əsas baş məşqçinin fikri idi.
- Artıq mövsümün ikinci hissəsi başlayır və qarşıda "Səbail"lə oyun var. Rəqib qış toplanışında ən yaxşı nəticə göstərən komandadır. Oyunlarından 3 qələbə və 1 heç-heçə ilə ayrılıb...
- Bu, elə bir məsələdir ki, "Qarabağ" ömür boyu yoxlama matçlarını uduzub, amma rəsmi oyunlarında nəticə verib. "Neftçi" ötən qış 0:8 hesabı ilə uduzmuşdu, amma çempionatda üçüncü yeri tutdu. Yoxlama oyunları fərqlidir. Belə oyunlara aldanmaq olmaz. Amma əl-qolunu sallayasan ki, mən qələbə qazanacağam, elə bir şey yoxdur.
- Heyətdə müəyyən dəyişikliklər oldu. Bir kapitan kimi fikriniz maraqlıdır: Gələnlər gedənlərin yerini doldura biləcəkmi?
- Bu, bizim işimiz deyil. İşimiz sadəcə, futbol oynamaqdır. Sadəcə, komandaya uyğunlaşmaq lazımdır. Dəyişiklik olanda xeyri də olur, ziyanı da. Qarşıdakı oyunlarda hər şey bəlli olacaq. Qərar baş məşqçinin və rəhbərliyindir.
- Özünüzdə oynamaq üçün nə qədər güc hiss edirsiniz?
- Əsas odur ki, ağrı hiss etmirəm.
- Məsələn, Rəşad Sadıqov 36-37 yaşında da oynayır. Bu, sizin üçün bir göstərici ola bilərmi ki, ən azı onun yaşına qədər meydanda olasınız?
- Futboldan ötrü darıxmasam, elə bu gün karyeramı bitirərəm. Çünki futbolda elə çirkin şeylər görürəm ki, artıq buna dözmək olmur. Elə şeylər olur ki, illərlə qazandığını itirmək istəyirsən. Məcbur eləyirlər ki, itirirsən. Darıxdığıma görə futboldan kənar qala bilmirəm. Həm də hələ nə yaşım var ki?! Cəmi 32 yaşımdayam.
- Bəs "Keşlə"də qalmaq necə?
- Bilmək olmaz. Çoxları mənə sual verir ki, niyə "Keşlə"də oynayırsan? Mən, ümumiyyətlə, narazı deyiləm. Hardayamsa, oradan razıyam. Amma heç bir yer əbədi deyil. Buradan gedə də, qala da bilərəm. Amma narazı deyiləm.
- Müqaviləniz mövsümün sonuna kimidir?
- Bəli. Amma yaxın gələcəkdə hər şey bəlli olacaq. Gələcəkdən danışmaq olmur. Müqaviləm mövsümün sonunda başa çatır.
- Yenidən legioner həyatı yaşamaq istərdiniz?
- Hər şey yaxın vaxtlarda bilinər. Zaman göstərəcək.