Gedson Fernandeş "Qalatasaray"a qayıdır?
“Qalatasaray” klubu keçmiş futbolçusu Gedson Fernandesi yenidən heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Xəbərdə 27 yaşlı portuqaliyalı ulduzun klubun illik 5 milyon avroluq maaş təklifinə müsbət cavab verdiyi bildirilib. Lakin futbolçunun hazırkı klubu “Spartak Moskva” ilə aparılan danışıqlar hələlik gözlənilən səviyyədə getmir. Rus təmsilçisi ulduz futbolçu üçün ən azı 25 milyon avro transfer haqqı istəyir.
“Qalatasaray” rəhbərliyi bu rəqəmi həddindən artıq yüksək hesab etdiyi üçün tərəflər arasında ilk mərhələdə ciddi qiymət fərqi yaranıb. İstanbul təmsilçisi portuqaliyalı ulduzun transferini daha uyğun bir şərtlə bitirmək üçün rusların inadını qırmağa və qiyməti aşağı salmağa çalışır. Əgər klublar ortaq məxrəcə gəlsə, Gedsonun yolu yenidən Türkiyə ilə kəsişəcək.
Qeyd edək ki, Gedson Fernandes müxtəlif illərdə “Qalatasaray”, “Çaykur Rizespor” ve “Beşiktaş” klublarının formasını geyinib.