"Görünür, bəzi hakimlər üçün Premyer Liqanın özü bir zirvədir" - Əliyar Ağayev

Azərbaycanlı hakimlərlə birgə Mingəçevir şəhərində təlim-məşq toplanışında olan FIFA referisi Əliyar Ağayev “Report”un sullarını cavablandırıb. 

SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır:

- Mingəçevirdəki hazırlıq prosesi indiyədək iştirak etdiyiniz təlim-məşq toplanışlarından nə ilə seçilir?

- Hakimlərimiz bir neçə ildir qışda təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə gedirdilər. Bu il isə fərqli oldu. Biz yanvara nəzərdə tutulmuş toplanış üçün Mingəçeviri seçdik. Hesab edirəm ki, seçimdə yanılmamışıq. Burada bərpa və təlim üçün mövcud olan şərait Antalyadakından yaxşıdır. Bu şəhərin və “Kür” Olimpiya Tədris İdman Mərkəzinin imkanları məni doğrudan da müsbət mənada təəccübləndirdi. Bir qədər futbol meydanları məsələsində oxşarlıqlar yoxdur. Əsas fərq isə yoxlama matçlarının olmamasıdır. Ümumilikdə hər şey yüksək səviyyədədir. Əsasən qaydalar və fiziki hazırlıq məsələləri üzərində işləyirik.

- Yanvarın 12-dən toplanışdasınız. Geridə qalan müddətə yeni nələri öyrənə bilmisiniz?

- Futbolda daim yeniliklər baş verir. Bu səbəbdən, hər 6 aydan bir müxtəlif dərəcəli hakimlər üçün seminarlar təşkil olunur və yeniliklər barədə təlimatlar çatdırılır. İndiki toplanışa gəlincə, hər şeyin büsbütün yeniliklərdən ibarət olduğunu deməzdim. Bunu tək özüm üçün söyləmirəm, digər həmkarlarımı da nəzərdə tuturam. Təlimlər daha çox xatırlatma və bərpa məqsədi daşıyır, qarşıda bizi gözləyən mövsümün ikinci yarısının oyunlarına hazırlığımızla yanaşı, imkanlarımızı təkmilləşdirməyə yardım edir.

- Beynəlxalq dərəcəli hakim olmaq üçün ingillis dilini bilmək vacib şərtdir. Burada da ölkənin aparıcı hakimləri toplaşıb. Lakin hələ də əcnəbi mütəxəssislərin məşğələsində tərcüməçidən istifadə olunur. FIFA referisi kimi bunu necə dəyərləndirirsiniz?
- Təbii ki, burada heç də hər kəs ingiliscə bilmir. Düşünürəm ki, iştirakçı hakimlərin hamısı beynəlxalq dərəcəli hakim olmaq istəsəydilər, ingiliscə örənməyin zəruri olduğunu anlayar və vacib sayardılar. Görünür, bəzi hakimlər üçün Premyer Liqanın özü bir zirvədir. Bu cür yanaşanlar bundan artığına iddia etmirlər, ona görə də xarici dil öyrənməyi vacib saymırlar. Hesab edirəm ki, söylədiyim istək yoxdursa, dil bilməmək də olar.

- Toplanışda olan 26 hakimdən 3-ü – siz, Rauf Cabbarov və Rəhim Həsənov FIFA referisidir. Sizcə, burada beynəlxalq kateqoriyaya iddialı və perspektivli hakim neçə nəfərdir?

- Ad çəkmək istəmirəm. Hər kəs öz üzərində məsuliyyətlə işləyir, sübut etməyə çalışır ki, buna layiqdir və bu siyahıda qalmalıdır. Yəni, mövcud siyahı hər 6 aydan bir dəyişir. Heç kim bu siyahıda əbədi deyil. Yenilənmə prosesində idarəetmə, hazırlıq səviyyəsi, seminarlarda iştirak və digər vacib üstünlüklər nəzərə alınır. Ümumiyyətlə, karyera yolunda daha böyük hədəfləri olan hakimlər ikiqat məsuliyyətlə çalışmalıdır.

- Sizin üçün bu təlimlər hansı yeni məqsədlərə yetişmək üçün xüsusi önəm daşıyır?

- Təlim-məşq toplanışının məhz bu dövrə təsadüf etməsi çox müsbət hal oldu. Artıq yanvarın 19-da toplanışı başa vururuq. Ayın 27-də isə məni Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq seminar gözləyir. 5 günlük tədbir zamanı elit və birinci dərəcəli hakimlər fiziki normativlərdən testlər verəcək. Həmçinin videotəkrar (VAR) sistemi ilə bağlı bir neçə beynəlxalq seminara qatılacağıq. Onları uğurla adlatsaq, qarşıda yeni təyinatlarımız olacaq.