"Hansısa oyunçu qane etməsəydi, mənim klubumda olmazdı"
"Zirə" futbol komandasının baş məşqçisi Samir Abasov "Report"un suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni diqqətinizə çatdırır:
- Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını necə dəyərləndirirsiniz: Hazırlıq prosesini istədiyiniz kimi keçə bildinizmi?
- Bu, ənənəvi toplanış idi. Hər il eyni qaydada gedirsən, matçlar oynayırsan, planlaşdırırsan və gəlirsən. Bu dəfə isə hava şəraitinə görə tam əksi oldu və planlar bir az pozuldu. Bəzən məşqlər baş tutmurdu. Birinci yoxlama görüşümüz də ləğv olundu. Amma ümumi götürsək, bunu dərd eləyib, əlimizdə bayraq tutaraq, "Heç nə alınmadı" demək kimi bir fikrimiz yoxdur. Hər şey yaxşı və əla keçdi. Əsas odur ki, sağ-salamat da qayıtdıq.
- Hava şəraiti planları çox pozdu?
- Bəli. Hava şəraiti əvvəlki toplanışlara baxanda xeyli problemlər yaradırdı. Amma bu problemlərdən də çıxa bildik. Bəzi məşqləri zallarda edirdik, ya da vaxtlarını dəyişirdik. Toplanışımız o qədər də pis keçmədi.
- Bu vəziyyətdə "Kaş Bakıda qalardıq" deyə düşündünüz?
- Açığı, bilsəydik ki, hava şəraiti belə olacaq və bu qədər problem yaranacaq, Bakıda da qala bilərdik. Digər komandalarımız Bakıda qalsaydı, biz də böyük məmnuniyyətlə belə problemlərin yaşanmaması üçün qalardıq. Amma burada məşq şəraiti o qədər də yoxdur. Əsasən də sınaqçı-rəqib baxımından şərait olmadığından, hamı müxtəlif ölkələrə üz tutur. Biz də digər klublarımız kimi Antalyaya getdik.
- Antalyadan qayıdanadək transferlərdə o qədər də fəal deyildiniz. Sanki qayıdandan sora aktivləşmisiniz. Son olaraq, heyətinizi iki hücumçu ilə gücləndirmisiniz...
- Biz gedənə kimi də o futbolçuların işini həll eləməyə çalışırdıq. Bu istiqamətdə müəyyən danışıqlar gedirdi. Tam olmasa da, bəziləri ilə razılığa gəlmişdik. Amma bu prosesin içində idik. Əsas odur ki, istədiyimiz oyunçuları götürə bildik. Problemlər bizim ölkədən, klub rəhbərliyindən və oyunçulardan asılı olmayan məsələlər idi. Götürdüyümüz afrikalılar viza problemleminə görə komandaya gec qoşuldular. Buna görə çox üzüldük. İstəyirdik ki, Türkiyədə bizimlə olsunlar. Amma alınmadı. Artıq komandaya qoşulublar və bizimlədirlər. Çalışarıq ki, itirdiyimiz vaxtların əvəzini məşqlərdə çıxaq.
- "Zirə" hazırda Premyer Liqada sonuncu pillədə qərarlaşıb. Komanda çempionatda qarşısına nəyi məqsəd qoyacaq? Azərbaycan Kubokunda da mübarizə aparırsınız. İki cəbhədə yarışmaq çətin olmayacaq?
- Çempionat və kuboku ayırmamışıq. "Zirə"yə yaraşmadığından, sonuncu pillədə qalmaq istəmirik. Kubok oyunlarına da hələ vaxt var. Yarımfinaldayıq, amma rahatlaşmaq fikrimiz də yoxdur. Bacara bilsək, avrokuboklara çempionatdan düşmək istəyirik.
- Keçən mövsüm siz "Sumqayıt"da çalışdığınız vaxt təxminən buna oxşar vəziyyət yaşanmışdı. Amma sonda hər iki yarışda avrokuboklara vəsiqə şansını əldən verdiniz...
- "Sumqayıt"la "Zirə"nin fərqi tamam başqadır. "Zirə" həmişə yüksək yerlər uğrunda oynayıb. "Sumqayıt"da isə ilin gedişatında bu şans yaranmışdı. Bunlar tam fərqli komandalardır. Mən "Sumqayıt"dan danışmaq istəmirəm, amma ilin əvvəlindən qarşımıza qoyulan məqsədə çatmaq istəyirik. Təki istəyimiz reallıqla üst-üstə düşsün.
- Toplanışdakı yoxlama oyunlarının hamısında qalib gəldiniz. Bunu çempionatda da davam etdirə biləcəksinizmi? Yoxlama oyunlarındakı nəticələr sizin üçün önəmlidirmi? Məsələn, "Neftçi" ötən mövsüm yoxlama oyununda 0:8 hesabı ilə uduzmuşdu, amma çempionatı 3-cü pillədə başa vurdu...
- "Neftçi"nin ötən mövsüm Premyer Liqada üçüncü yeri tutmasına toplanışın nə dərəcədə kömək edib-etmədiyini bilmirəm. Həmin dövrdə "Neftçi"də çalışan insanlar xeyli iş gördülər ki, həmin pilləyə çıxdılar. Eyni şeyi özümüz barədə də deyə bilərik. Biz toplanışda 3 oyunu da udmuşuqsa, bu o demək deyil ki, çempionata da təsiri olacaq. Yoxlama görüşləri təmiz başqa ab-havada keçir. Bəzi oyunçular var ki, yoxlama oyunlarında həddindən artıq rahat olurlar. Çempionatda isə həyəcan onları o qədər sıxır ki, öz oyunlarını göstərə bilmirlər. Buna misal olaraq, əsas milli komandamızı da göstərə bilərəm. Yoxlama oyunu ilə çempionat matçı tamam fərqlidir. Toplanışının bir məqsədi var ki, fiziki, taktiki və oyun baxımından çempionata hazırlaşasan. Toplanışda hansısa komanda iki və ya üç oyun uduzubsa, bu, rəsmi oyunlarda da eyni halın yaşanacağı anlamına gəlmir.
- Amma hər halda heç də zəif komandaları məğlub etməmisiniz. Keçirdiyiniz oyunlara əsasən, nikbinliyiniz varmı?
- "Zirə"nin futbolçuları ilk dəfə idi ki, mənimlə birgə təlim-məşq toplanışında idilər. Əsas odur ki, işimizi yaxşı gördük. Oyunlarımız da yaxşı keçdi. Bəzi düzəlişlər var idi ki, çempionatın gedişində edə bilmirdik, vaxtımız olmurdu. Amma orada rahatlıqla etdik. Bunun üçün nikbinik. Niyə də nikbin olmayaq? Oradakı nəticələri təkrarlamaq yox, onun üzərinə qoyub burada nəticə göstərmək istəyirik.
- Heyətə birdən-birə iki əcnəbi hücumçunun cəlb olunması hansı zərurətdən irəli gəldi?
- Bu oyunçuları özüm istəmişəm və burada başqa söhbət də ola bilməz. İki hücumçu almağımızın səbəbi odur ki, çempionatın birinci hissəsində bu mövqedə həddindən artıq problemlər yaşamışdıq. Komandadakı hücumçular o tələbləri yerinə yetirmirdilər. Ona görə də ön xətdə rəqabat yaratmaq istədik. Hər ikisi eyni səviyyəli oyunçulardır. Bu mövqedə oynaya biləcək başqa hücumçularımız da var. Ən azı, hücum problemi olan komandada bu addım atılmalı idi. Hansısa oyunçu qane etməsəydi, mənim klubumda olmazdı. Hazırda komandaya hücumçu lazım idi. Bugünkü durumumuz indiki qədər oyunçu götürməyə imkan verirsə, onlar hücumçu mövqeyinə lazım idilər və biz də götürdük.