"Heç bir komponentdə rəqibdən geri qalmadıq" - Vüqar Məmməd

“Avropa çempionlarına qarşı layiqli futbol oynayan komandamın hər bir üzvünə təşəkkür edirəm”. SportLine.az saytnın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd deyib.

İspaniyada təlim-məşq toplanışında olan yığmamız yerli həmyaşıdları ilə yoxlama oyunu keçiriblər. Görüş komandamızın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qarşılaşmadan sonra AFFA-nın rəsmi saytına açıqlama verən Məmməd fikirlərini bölüşüb: “Oyun çox sürətli keçdi. İspaniya kimi güclü komandaya qarşı İspaniyada oynamaq bizim üçün çox böyük təcrübə oldu. Heç bir komponentdə rəqibdən geri qalmadıq. Bu futbolçulara görə gələcəyə ümidlə baxmaq olar. Əlbəttə belə oynasaq, Avropa çempionatının elit-raund mərhələsində uğur qazana bilərik. Şans həmişə var. Uğur qazanmaq üçün çalışacağıq. Taktiki baxımdan daha da ağıllı futbol oynamalıyıq. Bunun üçün bu təlim-məşq toplanışından daha səmərəli istifadə etməliyik”.

Qeyd edək ki, millimiz iki gün sonra “Ranero” klubunun və fevralın 17-də Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoldaşlıq oyunları keçirəcək.