"Hədəfimiz qələbə idi" - Yurçeviç

"Maraqlı və gözəl oyun oldu. Hərçənd oyunun gedişi asan deyildi". SportLine.az Matc.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başlayan komandamız bu gün "Bakcell Arena"da Litva ilə yoxlama görüşündə üz-üzə gəlib. Yeni baş məşqçi Yurçeviçin millimizin "sükanı arxası"ndakı ilk ev oyunu qolsuz heç-heçə ilə nəticələnib.

Xorvatiyalı mütəxəssisin mətbuat konfransında bərabərlik şərhi belə olub: "Qələbə qazanmaq üçün hər şeyi etdik. Qalib gəlmək istəyirdik. İlk hissədə daha çox qol imkanlarımız var idi. Xorvatiya ilə çətin matçdan sonra mümkün olan hər şeyi etdik. İkinci hissədə bir çox dəyişikliklər oldu. Bunun fonunda oyunun ritmi itdi. Ümumi götürdükdə rəqibdən güclü idik. Sadəcə, bir qol olmadı ki, ardı gəlsin. Ümumilikdə komandadan razı qaldım".

- Bu gün sizin üçün nəticə, yoxsa sərgilənən oyun önəmli idi?

- Əvvəlcədən hədəfimiz qələbə idi. Bunun komandanın oyununa inam gətirəcəyini bilirdik. Ancaq bizim üçün təkcə hesab yox, oyunçuları görmək də vacib idi. Bu üzdən də matça 4 fərqli oyunçu ilə başladıq. İkinci hissədə də mümkün qədər çox futbolçunu iş başında görmək istədik. Nəticədən narazı deyiləm. Oyunçuları müxtəlif situasiyalarda görmək istəyirdim. Həm mövqe, həm də düzülüş etibarı ilə asan deyildi. Bir çox şeyi qaçırmamağa çalışdıq. Yekunda alındıra bildiyimiz budu. Buna əlavə misal gətirmək istəyirəm. Rüfət Dadaşovu mərkəzdə oynatmaq istədim. Belədə Ramil Şeydayevin cinahdakı bacarığını görmək, Araz Abdullayevə şans vermək istədim. Ömər Buludova da şans vermək istəyirdim. Təkcə bir şeyə yox, çox nüansa fikir verməli olduq. Bu üzdən məmnun qaldım.

- Vitse-çempiona qol vuran komanda bu gün rəqib qapısına yol tapa bilmədi. Rəqibin baş məşqçisi də sizin kimi deyir ki, birinci hissəni yaxşı keçirdik...

- Bir daha təkrar edirəm ki, ilk hissəni daha yaxşı keçirdiyimizi düşünürəm. Qol imkanlarımız da daha real idi. 100 faizlik şanslarımız oldu. İkinci hissədə oyunçularda yorğunluq başladı, üstəlik, dəyişikliklər oldu. Ümumi gəldiyim qənaət o oldu ki, oyun planında  biz daha güclü idik.

- Pavel Paşayevin çağırılmaması zədəli olması ilə bağlı idi?

- Paşayev zədəlidi. Əslində o, heyətdə yer almalı oyunçudu. Sadəcə, zədəli olduğu üçün çağırılmadı.