Həmyerlimiz komandasına qələbə qazandırdı

Gürcüstan çempionatında 12-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, həmyerlimiz Fərhad Qistarovun şərəfini qoruduğu «Rustavi» çempionatın lideri «Saburtalo»nu qəbul edib. Oyun «Rustavi»nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Fərhad komandasının qələbəsində böyük pay sahibi olub. O, 74-cü dəqiqədə qol vurmaqla yanaşı, matçın son dəqiqələrində komanda yoldaşı Luka Zviadadzenin də fərqlənməsinə şərait yaradıb. Bununla da cari çempionatda 8-ci oyununa çıxan Qistarov qollarının sayını 2-ə çatdırıb. Fərhad bundan əvvəlki turda da «Rustavi»nin səfərdə «VİT Ceorgia» komandasına qalib gəldiyi oyunun (3:2) əsas vaxta əlavə edilmiş ilk dəqiqəsində komandasının qələbə topunu vurmuşdu.

Xatırladaq ki, əslən Balakəndən olan və Rostovda dünyaya gələn 24 yaşlı Fərhad Qistarov Rusiya vətəndaşıdır. «SKA Rostov»un yetirməsi olan Fərhad əsasən dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Qistarov Azərbaycan Premyer Liqasında 2016/17-ci illər mövsümünün ikinci yarısında «Sumqayıt»ın şərəfini qoruyub və 8 oyunda forma geyinib.