"Hər bir futbolçu sabah oynamağa hazırdır" - Roberto Bordin

“Bakıda olduğu kimi, bu matçın da çətin keçəcəyini başa düşürük”. SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin deyib.

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Uypeşt”lə Macarıstandakı oyunu öncəsi keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Top fərqində üstünlüyümüz olsa da, rəqib komandanın gücünə bələdik. Bu səbəbdən bizi çətin oyun gözləyir”.

- Hava şəraitinin oyuna təsiri barədə nə deyə bilərsiz?
- Birinci oyunda hava isti idi və bu, hər iki komanda üçün çətin idi. İndi isə hava normaldı və bu hər iki komandanın oynaması üçün şərait var.

- İlk oyunda “Neftçi” hansı komponentlərdə rəqibini üstələdi və növbəti görüşdə komandada eyni üstünlüyü əldə etmək üçün potensial varmı?
- İlk oyunda vurulan qoldan sonra qazandığımız əlavə motivasiya bizə üstünlük qazandırdı və nəticədə effektiv nəticə göstərdik. Ümid edirik ki, yenə eyni nəticəni təkrarlayacağıq.

- Sabah “Uypeşt”dən sürpriz gözləyirsiz?
- Sürprizin nədən ibarət olacağını bilmirəm. Sadəcə, əminəm ki, rəqib həqiqətən çox güclü oyun göstərəcək və buna hazırlıqlı olmalıyıq.

- İlk oyunda müdafiənin mərkəzində Kirill Petrovla Ruslan Abışovun oyunu sizi qane elədi?
- Ruslan və Petrov tandemi yaxşı oyun göstərdilər. Nəinki onlar, komanda halında yaxşı müdafiə olunduq. Hər ikisinin oyunundan razıyam.

- Kvame Karikaridən sabahkı oyunda yararlanmağı düşünürsüz?
- Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdı. Yekun heyət barədə isə sabah qərar verəcəyik.

- İlk oyunla müqayisədə sabah heyətdə çox dəyişiklik gözlənilir?
- “İlk 11-liy”i indidən açıqlamaq düzgün olmazdı. Ancaq hər bir futbolçu sabah oynamağa hazırdı.