"Heyət açıqlananda adımı orada görmək istəyirəm" - Ramil Şeydayev
Azərbaycan yığmasının və Rusiyanın “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayevin Futbolinfo.az saytına müsahibəsi.
- “Lokomotiv”lə matçda komandanın bərabərlik qolunu vurdunuz…
- Qol vurduğuma görə sevindim. Təbii ki, təkcə öz qoluma görə deyil, komandamın bu səfərdə xal qazandığı üçün də şad oldum. Qolun önəmi ona görə böyükdür ki, biz səfərdən xalla ayrıldıq.
- Həmçinin, həftənin 11 ən yaxşı futbolçu arasında yer almısınız…
- Bu barədə ümumiyyətlə düşünmürdüm. Matçdan öncə də fikirləşmirdim ki, həftənin 11 ən yaxşı futbolçusu arasında yer alacam.
- Rusiya çempionatı sizin üçün daha yaxşıdı?
- Burada oynamaq mənim çox xoşuma gəlir. Çünki özümü Rusiya Premyer Liqasında rahat hiss edirəm. Ona görə də hər şey yaxşıdı.
- Rusiya mətbuatı sənin haqqında “Ramil “Zenit”dəki kimi oynamağa başlayıb” deyə yazır…
- Bu barədə mənim danışmağım düzgün olmaz. Çünki öz oyunumu özüm tərifləyə bilmərəm. Buna kənardan insanlar, azarkeşlər və mütəxəssislər qiymət verməlidir.
- Millimizə yeni baş məşqçi təyin edilib…
- Onun haqqında heç bir fikrim yoxdu. Çünki Nikola Yurçeviçlə birlikdə işləməmişəm. Ümid edirəm ki, hər şey milli komandamız üçün yaxşı olacaq.
- Dəvət gözləyirsiz?
- Əlbəttə. Heyət açıqlananda adımı orada görmək istəyirəm.