"Heyəti demək olar ki, müəyyənləşdirmişik" - Vüqar Məmməd

"İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq".

SportLine.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd İspaniyadakı təlim-məşq toplanışında Şotlandiyaya 0:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra affa.az-a açıqlamasında deyib. Gənc mütəxəssis bildirib ki, bir nəfər azlıqda qalmaları oyuna təsirsiz ötüşməyib: "Çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Lakin futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Matçı azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim".

Məmməd İspaniya toplanışının faydalı olduğunu da diqqətə çatdırıb: "Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq".

Qeyd edək ki, U-19 daha əvvəl İspaniyaya da uduzub. Əvəzində İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 6:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb.