"I Divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşması bizi məyus edir"

Klublar Komitəsinin bu gün baş tutan icasından iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. 

SportLine.az Sportnet.az saytına istinadən həmin müsahibəni diqqətinizə çatdırır:

- İclasda hansı məsələlər müzakirə olundu?

- Hazırda hər bir klubumuz fərdi qaydada birbaşa statistika məlumatları alır, bunun qarşılığında vəsait xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistemdə "InStat" şirkəti ilə danışıqlar apardıq. Nəticədə ümumi olaraq, ildə 80 min avroluq müqavilə imzaladıq. Artıq "InStat" şirkəti bütün klublara məlumatları birbaşa göndərəcək. Nəticədə əlavə xərcə ehtiyac olmayacaq. Bu sistem mərkəzləşdirilmiş qaydada fəaliyyət göstərəcək. Ümumi olaraq, hesabladıq ki, hər bir klubumuz buna ildə 12 - 14 min avro vəsait xərcləyir. Bu statistik, fitnes və skaut sisteminin məlumatlarını əldə etmək üçündür. Mərkəzləşdirilmiş danışıqlar apardıqdan sonra biz daha yaxşı təklif ala bidik. Çünki 80 min avroya bütün milli komandalar da daxil oldu və ən əsası, məşqçilərimiz Gənclər Liqasının bütün statistik məlumatları ilə təmin olunacaqlar. Düşünürəm ki, bu, Çempionlar Liqası, UEFA Gənclər Liqasında iştirak edən klubların və ümumiyyətlə, bütün komandaların baş məşqçiləri üçün vacibdir”.

- Xərclər AFFA tərəfindən qarşılanacaq?

- Bəli. Düşündük ki, ilk növbədə, mərkəzləşdirilmiş sistemdə danışıqlar aparanda qənaət edə bilərik və etdik də. Hazırda 8 klubumuz, Gənclər Liqasında çıxış edən komandalar, bütün millilər bu sistemə daxildir. 2 illik müqavilə ötən həftədən qüvvəyə mindi. Müraciət bizə Klublar Komitəsindən gəldi. Müzakirələrdən sonra qərara gəldik ki, bu addımı ataq.

- Hazırda Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümü üçün klubların lisenziyalaşdırılması ilə bağlı məsələ nə yerdədir?

- Əslində bunun Klublar Komitəsinə aidiyyatı yoxdur. Lakin bu məsələ gündəmdədir və futbol ictimaiyyəti müzakirə edir. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdır. FİFA-nın lisenziyalaşdırma ilə bağlı sərt qərarları var. Bu qərarları AFFA və Premyer Liqa sisteminə daxil etmişik. Gəlin, Lisenziyalaşdırma Qrupunun qərarını gözləyək. Bütün klublar sənədlərini təqdim edib. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Bəziləri isə buna qeyri-peşəkar yanaşdılar. Onların adlarını çəkmək tərəfimdən qeyri-peşəkarlıq olardı. Amma I Divizion klublarının bu məsələyə qeyri-peşəkar yanaşmanı davam etdirmələri bizi məyus edir. Əslində I Divizion gələcəyi göstərir. İlk addımları belə qeyri-peşəkar atırlarsa, biz risk edə bilmərik. Vaxtilə AFFA İcraiyyə Komitəsi bəzi klublara güzəşt etdi ki, Premyer Liqada komanda sayı artsın. Təcrübə göstərir ki, bu, çox da müsbət effekt vermədi. Çempionat gedə-gedə bəzi klublar fəaliyyətlərini dayandırdılar, bəzilərinin maliyyə problemləri üzə çıxdı.Bu gün AFFA olaraq, çempionata 8 klubla başlayırıqsa, 8 klubla da bitirməyi təmin etməliyik. Bu, bizim üçün ən vacib məsələdir. Digər önəmli məqam maliyyə şəffaflığının təmin olunmasıdır. Nəhayət, idman meyarını qeyd edərdim. Təbii ki, infrastruktur da vacibdir. Lakin biz bu məsələnin həllinə dair bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında da stadionlar var və onları klublara təqdim etməyimiz mümkündür və etmişik də. 

- Lisenziyalaşdırma Qrupunun qərarı nə zaman açıqlanacaq?

- Mayın 15-dək.