"İnanıram ki, səfərdəki oyun tam fərqli olacaq" - Cavid Hüseynov
"Qəbələ"nin kapitanı Cavid Hüseynov "Report"un suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni təqdim edir...
- Avropa Liqasının I təsnifat mərhələsində doğma meydanda Lüksemburqun "Proqres" klubuna 0:2 hesabı ilə məğlub oldunuz. Zədə ilə bağlı iştirak etmədiyiniz oyundakı məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Məğlubiyyət həmişə acı olur. Yeni mövsümdə ilk rəsmi matçımız idi və doğma meydanda oynayırdıq. Qələbə qazanmaq istəyirdik. Rəqibimiz də bizə uyğun idi. Təəssüf ki, oyun baxımından heç nə fikirləşdiyimiz kimi olmadı. İlk hissədə oyunumuz alınmadı və ikinci hissədə qollar ard-arda gəldi. Bəxt də bizdən üz döndərmişdi. Komanda hər cəhətdən sındı.
- Rəqibin Lüksemburq klubu olması komandada arxayınçılıq yaratdımı və futbolçularda "Bu, asan rəqibdir, keçmək olar" düşüncəsi yox idi?
- Tam səmimi danışacağam: Biz "Proqres"in oyununa baxmışdıq, analiz də etmişdik. Rəqibin iki oyununu izlədik. "Proqres" sıx oynayan və qapanan komandadır. Rəqib 6-7 futbolçu ilə müdafiə olunur. Arxa xətdə çoxlu oyunçusu olur. Onların bu cəhətlərini bilirdik. Gücləri müqayisə etsək, "Qəbələ" rəqibindən güclüdür. Sadəcə, o gücü meydanda göstərmək lazım idi. Amma biz onu doğma meydanda bacarmadıq.
- Komandanın fərqlənmək üçün də şansları oldu. Qol vurmağa nə çatmadı?
- Bu, bizim ilk oyunumuz idi. Start həyəcanı ağır olur. Komandaya da yeni cəlb olunan oyunçular var. Həmin futbolçuları da yəqin ki, məşqçilər izləyib komandaya cəlb ediblər. Potensiallarını tam göstərə bilmirlər. Birinci oyunda onlardan maksimum nəticə gözləmək düzgün olmaz. Bu, real görsənmir. Sadəcə, hücumlar ilk hissədə çox az quruldu, hətta demək olar ki, qurulmadı. Amma ikinci hissədə qollar buraxdıqdan sonra komandaya sanki şok verildi. Ardıcıl hücumlar təşkil etsək də, qol vura bilmədik. İnanıram ki, səfərdəki oyun tam fərqli olacaq.
- "Proqres"lə ilk oyun "Qəbələ"nin avrokuboklara yaxşı hazırlaşmadığına dair fikirlər yaradıb. Ümumiyyətlə, bir kapitan kimi komandanızın təlim-məşq toplanışını necə dəyərləndirərdiniz?
- Mən son bir həftəni təlim-məşq toplanışında olmuşam. Zədəyə görə, komanda ilə birgə getmədim. Həmin vaxt müalicə alırdım. Baş məşqçimiz Sənan Qurbanov tələbkar, intensiv məşqləri ilə seçilən mütəxəssisdir. Komanda Sloveniyaya əlini-qolunu sallayıb istirahətə getməmişdi. "Qəbələ" yüksək səviyyədə təlim-məşq toplanışı keçib.
- Zədənizi yeni bərpa etmisiniz. Komanda ilə birlikdə məşqlərdə də iştirak edirsiniz. Cavab qarşılaşmasında sizi meydanda görə biləcəyikmi?
- Baş məşqçi şans versə, 90 faiz həmin oyunda iştirak edərəm. İki gündür ki, komanda ilə məşqlər edirəm. "Proqres"lə səfər oyununa tam hazıram. 100 faizlik məşqlər edirəm. Zədəm tam sağalıb.
- Cavab oyunundakı şanslarınızı necə dəyərləndirirsiniz: Səfərdə rəqibə 2 və daha artıq qol vura biləcəksinizmi?
- Şans həmişə var. Qələbəni ürəkdən istəmək lazımdır. Həm də hər bir futbolçu meydanda verilən tapşırığı, üzərinə düşən yükü özünə götürməlidir ki, o nəticəni qazana bilək. Əsasən də hücum xəttində.