"İndi az xalla da çampion olmaq mümkündür" - Qurban Qurbanov

"Hər iki komanda bir hissə daha yaxşı oynadı və bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. “Zirə” son üç matçda tam fərqli oynayır. Bəzən düşündüyün hücumların 5-6-sını reallaşdıranda, sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq".

SportLine.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Mahir Mədətovun müdafiəyə kömək etməsinə toxunub:

“Ola bilər ki, ilk hissədə müdafiədə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi".

Qurbanov komandanın qış fasiləsindən sonra keçirdiyi oyunlarda xal itirməsindən də söz açıb:

“Bu barədə narahatlıq həmişə olur. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün daha çox xal toplamalı və daha yaxşı çıxış etməlisiniz. Mövsüm ərzində bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda, indi az xalla da çampion olmaq mümkündür.

Təcrübəli məşqçi Mədətovun Yunanıstanın AEK klubundan təklif alması ilə bağlı yayılan iddialara da münasibət bildirib:

“Son iki ildir ki, belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib. Hazırda Ansi Aqolliyə təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındır ki, gündəmdədir. Aqolli hamımızın sevimlisidir. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik, son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək".

Mütəxəssis bildirib ki, komandalar bir-biri ilə çox görüşdükcə, daha inamlı çıxış etməyə başlayırlar:

“Bu, dünyanın hər yerində belədir. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir”.