"İrəli baxmaq, çalışmaq lazımdır" - Nazim Süleymanov

“Qarabağ”ın matça yaxşı başlaması bizi arxadan oynamağa məcbur etdi. 20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran İsmayılov imkanından yaxşı istifadə etsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından fərq var. Bu baxımdan rəqibin futbolçuları fərqlənir".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov səfərdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 53 yaşlı mütəxəssis daha sonra sualları cavablandırıb...

Artıq 4-cü oyundur qələbə üzünə həsrətsiniz. Ötən turla müqayisədə nə çatmadı?

- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması öz sözünü dedi. Seriyaya gəlincə, bu, futboldur. İrəli baxmaq, çalışmaq lazımdır. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadır.

Ardıcıl xalların itirilməsi rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsınız?

- Bilmirəm, siz hansı qərarı istəyirsiniz. Mən bura çalışmağa gəlmişəm. Komanda yaxşı oynayanda da yazırdınız ki, baxımlı çıxış edirlər. Nə oldu, külək haradan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablandırmalıdır.

Ancaq avrokubok zonasından get-gedə geri qalırsınız?

- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.