İsmayıl İbrahimlinin cəzası açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Sportline.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib.

“Sumqayıt” – “Qarabağ” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub. Görüşün 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu İsmayıl İbrahimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

“Sabah”la oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Səbail”in müdafiəçisi Adil Nağıyev 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb. Qarşılaşma başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

"Zirə” – “Keşlə” matçının 60-cı dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub.