Jezniçak: "Mənə Roberto Bordindən maraq var idi"

"Qarabağ"da karyeramın iki möhtəşəm mövsümünü keçirdim. Azərbaycan və orada tanış olduğum insanlar haqqında mənfi fikir demək istəmirəm. Ölkədə futbol çox da pis deyil. İki çempionluq qazandıq. Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində oynadım".

Sportline.az xəbər verir ki, bunu Polşanın "Visla" (Plotsk) komandasına keçən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak "Przegladsportowy.pl" saytına müsahibəsində deyib.

32 yaşlı mərkəz müdafiəçisi bildirib ki, Azərbaycanda futbolun səviyyəsi gözlədiyindən daha yaxşıdır. Jezniçak ölkədə idmanın mükəmməl olduğunu vurğulayıb: "Yeni mədəniyyət və gözəl Bakı ilə tanış oldum. Mənim bu ölkə haqqında fikirlərim dəyişdi, çoxları buranı üçüncü dünya hesab edirdi, orada heç nə olmadığını və futbol oynamağa deyil, "cibimi doldurmağa" getdiyimi düşünürdülər. Reallıqda isə daha yaxşı idi. Hətta dini müxtəliflik də problem yaratmırdı: İnsanlar əcnəbilərə qarşı dözümlüdürlər. Baş məşqçi qatı müsəlman idi, amma bəzən müəyyən şeylərə göz yumurdu. Özümü əla hiss edirdim".

Polşalı oyunçu Ağdam təmsilçisindən ayrılmasının səbəbini belə izah edib: "Sonuna qədər gözlədim. Çünki hər kəsə yeni müqavilənin təklif olunmasının mümkünlüyü ehtimalı həmişə mövcuddur. Bir il əvvəlki hal təkrarlandığı üçün mənfi qərar gözləyirdim. Mövsümün əvvəlində çox oyunda iştirak edə bilmədim. Bu, limitlə əlaqədar idi. Buna görə də məşqçi daha çox ön xəttdə çıxış edən əcnəbi futbolçulara şans verirdi. Arxada yerlilər, ön xəttdə isə əcnəbilər oynayırdı. Hazırda mənim yerimə başqa futbolçu almayacaqlar. Üç azərbaycanlı müdafiəçisi kifayətdir. Amma orada yaxşı təəssürat yarandı". 

Jezniçakın sözlərinə görə, karyerasını "Neftçi"də davam etdirmə ehtimalı da olub. Lakin buna paytaxt klubunun rəhbərliyi mane olub: "Mövsümün sonunda  məni yaxşı tanıyan "Neftçi"nin baş məşqçisi Roberto Bordindən maraq var idi. Lakin rəhbərlik komandaya "Qarabağ"dan heç kimi götürmək istəmədiklərini söylədi".

Qeyd edək ki, Yakub Jezniçak "Qarabağ"da 2017-ci ilin iyulundan çıxış edib.