Kamal Mirzəyev: "Millidə oynamağı çox istəyərəm"

Azərbaycanın U-21 komandasının sabiq futbolçusu, hazırda Küveytin “Əl-Salmiyə” klubunda mübarizə aparan Kamal Mirzəyev bir neçə mövzu barədə danışıb.

Sportline.az saytına açıqlama verən futbolçumuz əvvəlcə Küveytdəki vəziyyətdən söz açıb.

  • Bura gələndən sonra təxminən 2 aya yaxın çətinlik çəkirdim. Hava həddindən artıq isti idi. Biz belə havada oynamağa öyrəşməmişik. Amma indi havalar soyuyub. Qaydasına düşür hər şey. Artıq ilk qolumu da vurdum. Gərək davamı gəlsin.

Azərbaycanda bir neçə klubda oynamısan. Burdakı futbol ilə Küveyt futbolu arasındakı fərqi nədə görürsən?

  • Azərbaycanda daha çox texnikaya üstünlük verilir. Amma Küveytdə futbolçuların fiziki vəziyyəti və sürəti daha çox önəmlidir.

“Əl-Salmiyə” klubunda hədəfin nədir?

  • “Əl-Salmiyə” mənim ilk xarici klubumdur. Buranı tramplin kimi görürəm. Daha yaxşı yerlərdə oynamaq üçün var-qüvvəmlə çalışıram.

Avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın imkanlarını necə dəyərləndirirsən?

  • “Qarabağ” işini şansa buraxan komanda deyil. Düşünürəm ki, APOEL-i Kiprdə udmaqla qrupdakı taleyini böyük ölçüdə həll edəcək.

Azərbaycan millisi ilə bağlı düşüncələrin nələrdir?

  • Azərbaycan millisində struktur var. Hər şey yaxşıya doğru gedir. Millidə oynamaq, onun bir parçası olmağı çox istəyərəm.