Kamran Quliyev Klublar Komitəsinin qəbul etdiyi qərarlardan danışdı
AFFA Klublar Komtəsinin sədri Kamran Quliyev komitənin iclasından sonra brifinq keçirib.
SportLine.az həmin müsahibəni təqdim edir.
- Klublar Komitəsinin iclası bu qədər uzun çəkmirdi. İclasın 3 saat davam etməsi nə ilə bağlı idi?
- Çoxlu təkliflər almışıq, məsələlər çox idi. Qonaqlarımız da var idi. AFFA-nın baş katibi Elxan Məmmədov, qurumun Lisenziyalaşdırma Qrupunun üzvləri və Peşəkar Futbol Liqasının nümayəndələri gəlmişdi. Sonda isə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik işi haqqında hesabat verdi.
- Yeni sədr kim olacaq?
- Yeni bir təklif oldu. Mən daha öncədən bildirdim ki, istənilən təklif olsa da, öz namizədliyimi verməyəcəyəm. Maraqlı təklif gəldi ki, rəhbər sistemindən katiblik sisteminə keçək. Səs çoxluğu ilə verilən qərara görə növbəti il Klublar Komitəsində sədr olmayacaq. Katib funksiyasını daşıyan insan bütün inzibatı işləri yerinə yetirəcək. Özüm də daxil olmaqla, bu günə kimi sədr seçilən istənilən həmkarımın əlavə üstünlüyü olmayıb. Ona görə də sədr sistemindən katiblik sisteminə keçməyi qərara aldıq. Bu, cari ildə sonuncu iclasımız idi. Bundan sonra Klublar Komitəsi katiblik sisteminə keçəcək.
- Katibliyə kim namizəddir?
- O, məsələyə növbəti iclasda baxılacaq. Amma böyük ehtimalla, indiki katib Zaur Hacı-Məhərrəmov işini icra edəcək. Onun funksiyası inzibati funksiya olacaq.
- Növbəti iclas nə vaxta nəzərdə tutulub?
- O barədə heç bir müzakirə aparmamışıq. 1-2 məsələ var ki, klublardan təklifləri gözləyirik. Onlar çox vacib təkliflərdir. Təkliflər hazır olanda yaxın vaxt ərzində - 2019-cu ilin ilk aylarında yenidən toplaşacağıq.
- Azərbaycan Premyer Liqasının oyunlarının vaxtı da gündəliyə daxil idi...
- Oyunların vaxtına görə Peşəkar Futbol Liqası ilə məsləhətləşdik. İstərdik ki, həftəiçi 1 - 5-ci günlər oyunlar keçiləndə hər hansı sistem olsun. Bu günlər daxil olmaqla, şənbə və bazar günləri də fərqli vaxtlar təyin edilsin. Ən əsası, klublara uyğun olsun. Azarkeşlərin də stadiona gəlmələri nəzərə alınsın. Şənbə günü axşam saatlarına oyun təyin olunanda heç bir problem olmur. Amma bazar günü oyunların erkən saatlarda olması məqsədəuyğundur. Biz onu praktikadan götürmüşük. Qarşılaşmalar həftəiçi olsa, saat 19:00, 20:00 və ya 21:00-da başlasın. Avqust və sentyabr aylarında isə oyunların vaxtları hava şəraitinə görə təyin olunsun. Bu məsələlər müzakirə olundu.
- "Qarabağ"ın Avropa Liqasında "Sportinq"lə matçını stadiondan az sayda azarkeş izlədi. Qarşılaşma isə saat 21:55-də idi. Havalar da kifayət qədər soyuq keçir. Həftəiçi oyunlar keçirilsə, saat 9-da stadiona azarkeş gələcək?
- Məcburiyyətdən ola bilər. Məsələn, Azərbaycan Kubokunun oyunları həftəiçi keçirilir. Klubların tövsiyyələrini və təkliflərini aldıqdan sonra Peşəkar Futbol Liqasına müraciət edəcəyik. Təbii ki, bu məsələlər klubları maraqlandırır. Klubların maraqları isə odur ki, oyuna azarkeş gəlsin. Onları idman prinsipləri də maraqlandırır. Məşqçiləri ilə öz aralarında söhbətləri olacaq. Bütün bunların hamısını nəzərə alıb Peşəkar Futbol Liqasına, onlar isə öz növbəsində CBC Sport kanalına müraciət edəcəklər. Çünki oyunların əksəriyyəti canlı yayımlanır.
- Hakimlər Komitəsinin sədri Frits Ştuklik də iclasda idi. Premyer Liqanın matçlarında yetərincə hakim səhvləri var. Bu barədə hansı müzakirələr oldu?
- 3 aya yaxın görülən işlər barədə məlumat verilib. Məsələn, hakimlərin hazırlıq prosesi necə keçir, testlər necə aparılır, və s. kimi məsələlərə toxunuldu. Hakim səhvlərinin müzakirəsi bizdə nəzərdə tutulmamışdı. Hakim səhvləri olub. Mən bunu Klublar Komitəsinin üzvü kimi demək istəməzdim. Oyunla bağlı rəsmi mövqeyimiz olub. Ştuxlikin yeni təklifləri var idi. Biz videotəkrar sistemi (VAR) haqqında müzakirələr apardıq. Bu, hazırda bizim üçün maliyyə və texniki cəhətdən uzaq görünsə də, qonşu ölkələr də ona doğru gedir. Məsələn, Türkiyə. Yəqin ki, Superliqanı izləyirsiniz. Çoxlu qərarlar dəyişir. Düzgün qərarlar verilir və ya verilmir. VAR sisteminin effektivliyini bütün dünya qəbul edir. Bu sistemlə bağlı oyunun uzadılması kimi xırda şikayətlər eşitmişəm. Amma bu, gələcəyin sistemidir. Biz ona yavaş-yavaş, addım-addım yaxınlaşmalıyıq. Oyunlardan öncə müvafiq şəxslər protokolları əllə doldururlar. Əllə doldurulan protokollar yaxın gələcəkdə yığışdırılmalıdır. Söhbət oyun protokollarından gedir. Bu sistemi elektron qaydada həyata keçirsək, həmin prosesi yerinə yetirən şəxslərin səhv etmə ehtimalları azalacaq. Hazırda UEFA-da "Time" sistemi mövcudur. Bizi Avropada təmsil edən klublar bu sistemdən istifadə edir və bütün protokolları elektron şəkildə doldururlar. Orada səhv etmək ehtimalı çox azdır. Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik. Klublar müzakirə etdikdən sonra ola bilsin ki, Peşəkar Futbol Liqasına, AFFA-ya müraciət olunacaq və müvafiq təşkilat tapılacaq. Yəqin ki, bu, tender formasında olacaq. Proqramın yazılması isə həmin şirkətə həvalə olunacaq.
- Klubların hesabatları barədə hansı müzakirələr aparıldı?
- AFFA-nın lisenziyalaşdırma qurupunun bizə verdiyi məlumata görə, artıq yeni ildən klublar maliyyə hesabatlarını elektron şəkildə portala verməlidirlər. Bunlar A meyarı olan və vacib hesabatlardır. Bu isə UEFA və FIFA-nın tələbidir. Fərqi nədən ibarətdir, bunun hamısını deyə bilmərəm. Çünki bütün sənədlər təqdim olunmayıb. Orada əsas vaxt məsələsidir. Vaxt məsələsinə daha sərt baxılacaq. Yəni, sənədlərin vaxtında klublar tərəfindən həmin portala daxil olunması məsələsi sərtləşib. Əvvəllər kiçik güzəştlər olurdu. Bir neçə gün və bir neçə həftə vaxt verilirdi. Artıq bu şərtlər sərtləşib. Klublar təyin olunmuş vaxta qədər maliyyə hesabatlarını təqdim etməlidirlər. Bu, artıq qərardır və şəffaflığın qorunması və inkişaf üçün bir addımdır.
- Maliyyə hesabatını bu ilin sonunda görə biləcəyikmi?
- Bilirsiniz ki, iki cür - Premyer Liqa və avrokubokda iştirak etmək üçün ərizə verən klubların lisenziyası olur. Bu lisenziyaların tələbləri də fərqlidir. Artıq klublar cari ilin son aylarında lisenziyalaşdırma qrupu ilə yazışırlar. Nə qədər sənəd varsa, göndərilib. Bu proses hər il martın sonuna kimi həyata keçirilir.
- Hakimlərin şort məsələsi elə vacib idi ki, bunu Klublar Komitəsinin iclasında müzakirə edirsiniz?
- Tək şort yox, ümumiyyətlə geyim məsələsi müzakirə olundu. Hakimlərin geyimi futbolçuların formasına bənzər olan hallara aid idi. Bu məsələyə qısa vaxt ərzində toxunduq. UEFA və FIFA hakimin komandalardan seçilməsini tələb edir. Üst geyim və corablar fərqli olmalıdır. Bəzi klubların futbolçularının şortları eyni rəngdə olur. Elə liqalar var ki, hakimlər geyimə görə fərqlənirlər. Məsələn, İtaliya A Seriyasında hakimin geyimi, şortu və corabı eyni rəngdə olur. Bəzi liqalarda isə buna fikir vermirlər. Bu xırda məsələ idi.
- Bizdə necə olacaq?
- Bu məsələ az müzakirə olundu.
"Report"