"Kaş ki, pis oynayıb, xal qazanardıq" - Tərlan Əhmədov

"İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizə əks-hücumda qol vurdu".

SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XIX turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssisin sözlərinə görə, ikinci hissədə üstün futbol sərgiləyən komanda "Keşlə" olub:

"Kaş ki, pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz var idi. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq".

Baş məşqçi əsas problemlərinin futbolçuların arxaya, xüsusən də, qapıçıya ötürmə etməkləri olduğunu vurğulayıb:

"Ən böyük problem budur. Rəqib təzyiq altında saxlanılan bir vaxtda, qapıçı Kamran Ağayevə ötürmə edilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdır. Alınmır ki, alınmır".