"Keçmişlə yaşamıram" - Tərlan Əhmədov
"Qarabağ"la matçdan 72 saat keçməmiş yenidən oyuna çıxdıq. Dünya praktikasında belədir ki, futbolçu 72 saat istirahət eməlidir. Ancaq bizdə vaxt az oldu. Buna baxmayaraq, komandamdan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımıza təsir etdi. Bilirdik ki, "Neftçi" müdafiə futbolu oynayacaq. Hücum futbolu oynamağı, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyundan razı qaldım. Qış fasiləsinədək 4 oyunumuz var. Getdikcə daha maraqlı futbol oynayan "Keşlə" görəcəksiniz".
SportLine.az "Report"a istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Neftçi"yə evdə 0:1 hesabı ilə uduzduqları futbol üzrə Azərbaycan Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib. 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
Bunadək "Neftçi"də işləməyiniz sizin üçün matçı prinsipiallaşdırmışdı?
- Orada işləməyim keçmişdə qalıb. Daha öncə AZAL və "Xəzər Lənkəran"da da çalışmışam. Peşəkar işimizdə hər il dəyişiklik ola bilər. Keçmiş komandamla bağlı heç bir prinsipiallıq yox idi. Keçmişlə yaşamıram. Ehtiyat oyunçular sarıdan da sıxıntımız var. Üç zədəli, bir cəzalı futbolçumuz var.
"Neftçi"ni ötən mövsüm turnir cədvəlinin sonlarında qəbul edərək Avroliqaya çıxardınız. Bunu "Keşlə" ilə də bacara biləcəksiniz?
- Bacarıb-bacarmamaq görəcəyimiz işdən asılıdır. Bu, kollektiv işdir. Hamı bir uğur üçün çalışır. Oyunumuzda da fərq var. Addım-adıım işimizi görməyə başlayırıq. "Keşlə"də olduğum bu qısa müddətdə əsas görəcəyim iş sırf taktiki, psixoloji hazırlıqla bağlı idi. Çalışacağıq ki, komandanı daha yuxarı aparaq.
"Neftçi" ilə oyuna hazırlıq üçün vaxtınızın az olmasına görə aidiyyəti qurumlara etirazınızı bildirmişdiniz?
- Xeyir. Bizə artıq vaxt deyilmişdi. Dedik ki, bəlkə oyunu noyabrın 4-nə keçirsinlər. Lakin bu alınmadı. Onu əlimizdə bayraq etmirik. Sadəcə, "Neftçi" bir həftə hazırlaşmışdı, bizdə isə heç 3 gün olmadı. Ancaq bunu şişirtməyə ehtiyac yoxdur.