"Keşlə" - "Qarabağ" oyunu təxirə salına bilər

"Qarabağ" klubunun Topaz Premyer Liqasının VII turunda "Keşlə" ilə nəzərdə tutulan səfər oyunu təxirə salına bilər. 

SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlamasında bildirib. O deyib ki, oktyabrın 6-da keçirilməli olan qarşılaşmanın başqa vaxta keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər: "Oyunların təxirə salınmasını xoşlamıram. Lakin oktyabrın 4-də "Arsenal"ı qəbul edəcəyik. Bundan 2 gün sonra isə "Keşlə" ilə görüşümüz nəzərdə tutulub. Təbii ki, oktyabrın 6-da oynaya bilmərik. Oktyabrın 7-nə keçirsək, Azərbaycan yığmasının Farer adaları və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasındakı qarşılaşmalarına hazırlşamağa cəmi 4 gün vaxtımız qalacaq. Sabah "Keşlə" ilə görüşümüzün təxirə salınması xahişi ilə PFL-ə müraciət edəcəyik. Çox istərdik ki, oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün fərqlə meydana çıxmaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın".